Ukrayna Azərbaycan qazının İDXALINA BAŞLADI - İLK DƏFƏ

Ukraynanın “Naftogaz Group” şirkəti SOCAR-ın tərkibinə daxil olan “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınmasına dair ilk müqaviləni imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə informasiya “Naftogaz Group” şirkətinin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, sınaq partiyası şəklində olan bu qaz partiyası ilk dəfə Bolqarıstan–Rumıniya–Ukrayna xətti üzrə, yəni transbalkan marşrutu ilə çatdırılır.
Şirkətin baş direktoru Sergey Koretski bu addımı belə şərh edib:
“Bu, həcmi baxımından kiçik, amma strateji baxımdan mühüm addımdır. Bu, uzunmüddətli əməkdaşlıq üçün yol açır. Eyni zamanda, qaz tədarükündə mənbələrin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin daha bir nümunəsidir.”
Koretski həmçinin bu razılaşmanın əldə olunmasına dəstəyə görə Ukrayna Prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkür edib.
O, həmçinin azərbaycanlı tərəfdaşlara – SOCAR nümayəndələrinə etimada görə təşəkkürünü bildirib.