Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv ola bilər – Elşad Mirbəşiroğlu

Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv ola bilər – Elşad Mirbəşiroğlu

Türkmənistanla Azərbaycan arasında münasibətlərdə son dövrlərdə yaxınlaşma müşahidə edilir. Keçmiş Türkmənistan prezidenti, hazırda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri bu yaxınlaşmanın bariz nümunəsi kimi qiymətləndirilir. Ekspertlər bu səfərin iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidinə təkan verəcəyini hesab edirlər.


Məsələ ilə bağlı Sfera.az-a fikirlərini bölüşən siyasi şərhçi, professor Elşad Mirbəşiroğlu bildirib ki, Türkmənistan qapalı ölkə olsa da, Azərbaycanla münasibətləri xüsusi xarakter daşıyır:


“Məlumdur ki, Türkmənistan beynəlxalq ictimaiyyətlə təmaslara o qədər də açıq deyil. Lakin Azərbaycanla münasibətlərində tam fərqli mənzərə müşahidə olunur. Bu, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi strateji və uzaqgörən diplomatiya nəticəsində mümkün olub. Azərbaycan bir çox ölkələrlə olduğu kimi, Türkmənistanla da əlaqələrini dərinləşdirib və bu münasibətlər səmərəli əməkdaşlıq səviyyəsinə yüksəlib”.

 


Professor bildirib ki, Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq mövcuddur və bu sahədə böyük potensial var. Onun fikrincə, Türkmənistanın enerji daşıyıcılarının Azərbaycan üzərindən Avropa bazarına çıxarılması regional enerji təhlükəsizliyi baxımından olduqca vacibdir.


E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanın ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri – Avropa ilə Asiyanı birləşdirən mühüm kommunikasiya xətləri kimi strateji rol oynayır:


“Azərbaycan işğaldan azad olunmuş ərazilərdən sonra nəqliyyat-logistika imkanlarını daha da genişləndirib. Yeni şəraitdə Azərbaycan daha çevik və milli maraqlara uyğun əməkdaşlıq modelinə keçid edib. Bu modeldə Türkmənistanın da maraqları nəzərə alınır və iki ölkə arasında əməkdaşlığın gələcəyi üçün geniş imkanlar mövcuddur”.


E.Mirbəşiroğlu Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv ola biləcəyini də istisna etmir. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın rolu mühümdür:


“2009-cu ildə Naxçıvanda əsası qoyulan Türk Dövlətlərinin Əməkdaşlıq Şurası məhz Azərbaycanın təşəbbüsü və dəstəyi ilə bu gün institusional bir təşkilata çevrilib. Azərbaycan təşkilat daxilində mühüm mövqeyə malikdir. Hesab edirəm ki, Türkmənistan da bu prosesə qoşularaq Türk Dövlətləri Təşkilatının tam hüquqlu üzvünə çevrilə bilər”.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR