İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 9-da Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə görüşü olub.
Sfera.az xəbər verir ki, söhbət zamanı dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı.
Prezident İlham Əliyevin bu ilin yanvarında Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın isə Azərbaycana səfərləri məmnunluqla xatırlandı, həmin səfərlər zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli gündəliklə bağlı geniş müzakirələrin aparıldığı qeyd olundu.
Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi.
SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi.
Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunuldu və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.
Sonra Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalandı.
Görüşün sonunda dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə xatirə hədiyyəsi təqdim etdi