Rusiya ŞƏRT QOYDU: "Avropa zəmanət verməsə..."
Rusiya Avropadan rəsmi zəmanətin verilməyəcəyi təqdirdə Türk Axını layihəsində ikinci boru xəttinin çəkilməyəcəyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyi Dördüncü Avropa departamentinin direktoru Aleksandr Botsan-Harçenko edib.
İnterfaks-a danışan Botsan-Harçenko Avropa Komissiyası tərəfindən təsdiq edilmiş zəmanətlər olmadan Türk Axınında ikinci xətti inşa etməyin risk olduğunu bildirib.
Yalnız bəzi siyasi qərarlarla kifayətlənərək ikinci xəttin inşa edilə bilməyəcəyini vurğulayan Botsan-Harçenko "Buna görə Avropa Komissiyasından zəmanət almadan belə bir işə cəhd etmərik" deyib.
Botsan-Harchenko ikinci xəttin Cənubi Avropanın fasiləsiz təbii qazla təchizatı baxımından əhəmiyyətli olduğunu bildirib. O, layihənin ikinci xətti üçün hələ də hər hansı bir zəmanət verilməməsinin, başda Serbiya olmaqla, bölgədəki digər ölkələrə ziyan vurduğunu qeyd edib.
Xatırladaq ki, Türk Axını təbii qaz boru xətti layihəsində hökumətlərarası razılaşma Türkiyə və Rusiya arasında keçən ilin 10 oktyabrında imzalanmışdı. Layihə çərçivəsində, hər biri 15.75 milyard kubmetr tutuma sahib iki boru xətti inşa edilməsi planlaşdırılır.