Qəzzada hakimiyyət kimdə olacaq? - AÇIQLAMA

İsrailin HƏMAS-ı Qəzza zolağından tamamilə çıxarmaq məqsədilə apardığı hərbi əməliyyatlar fonunda bölgənin gələcək idarəçiliyinin kimə və necə veriləcəyi beynəlxalq ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, ötən gün İsrail Baş naziri Benyamin Netanyahu da deyib ki, müharibədən sonra Qəzzada HƏMAS olmayacaq, onu kökündən məhv edəcəklər.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, 2023-cü ilin 7 oktyabrında başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində HƏMAS ciddi şəkildə zəifləyib, lider kadrlarını itirib:
"Amma təşkilat hələ də müqavimət göstərməkdədir. Bu səbəbdən Qəzza tam şəkildə HƏMAS-dan təmizlənməyib. İsrail üçün minimum prioritet hədəf Qəzzanın tam silahsızlaşdırılması, maksimum hədəf isə bölgənin İsrailin tam nəzarətinə keçməsidir. Lakin bu nə dünya dövlətlərini, nə də qonşu ərəb ölkələrini razı sala bilər. İsrail üçün əsas məsələ Qəzzadan gələn təhdidlərin aradan qaldırılmasıdır. Uzun müddətdir ki, bu bölgədən İranın təsiri altında olan HƏMAS vasitəsilə İsrailin təhlükəsizliyinə qarşı təhdidlər yaranır”.
Qəzzanın gələcək idarəçiliyi ilə bağlı əsas ehtimallardan danışan Qasımov qeyd edib:
“Bu istiqamətdə üstünlük təşkil edən mövqe ondan ibarətdir ki, Qəzza tam silahsızlaşdırıldıqdan sonra ya idarəetmə Fələstin Administrasiyasına verilsin, ya da beynəlxalq nəzarət altında xüsusi bir idarəçilik forması yaradılsın. Suriyanın isə Qəzzada hansısa idarəçiliyə cəlb olunması mümkün deyil. İsrail buna heç vaxt imkan verməz. Digər tərəfdən, Suriyanın indiki vəziyyətində bu cür yükün altına girməsi də real görünmür”.
Onu da vurğulayaq ki, hazırda Qəzza zolağının gələcəyi ilə bağlı yekdil qərar mövcud deyil. Məsələ beynəlxalq müstəvidə müxtəlif siyasi və diplomatik danışıqlarla davam etdirilir.
Bəsti Rəfizadə
Sfera.az