"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda qalması ciddi suallar doğurur.
Müttəfiq kimi çıxış edən, lakin daha sonra arxadan zərbə vuran bu dövlətin əsl niyyəti və strateji məqsədləri ictimaiyyətdə narahatlıq yaradıb.
Məsələ ilə bağlı politoloq Kazım Kazımov Sfera.az-a açıqlama verib. O bildirib ki, Rusiyada xüsusi təyinatlı dəstə — OMON-un törətdiyi vəhşiliklər təsadüfi deyil:
“Artıq bir ilə yaxındır ki, Kremlin anti-Azərbaycan siyasi kursunu açıq şəkildə görürük. Kreml, Rusiyada yaşayan azərbaycanlılara təzyiq göstərmək niyyətindədir. Rusiya mediasında, Dövlət Dumasında fəaliyyət göstərən bəzi anti-Azərbaycan qüvvələr bu siyasətin daşıyıcılarıdır”.
Politoloqun sözlərinə görə, bu qüvvələr azərbaycanlı miqrantlardan siyasi təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Lakin bu cəhdlər Azərbaycanın dövlət mövqeyini dəyişmir:
“1990-cı illərdən bəri minlərlə Azərbaycan vətəndaşı çörək pulu üçün Rusiyaya gedib. Amma bu gün həmin insanlar rahatlıqla öz dövlətlərinə qayıda bilirlər. Azərbaycanlıların Rusiyaya miqrasiya axını faktiki olaraq dayanıb. Bunun əsas səbəbi Azərbaycanın iqtisadi inkişafı və alternativ imkanlarının artmasıdır”.
O qeyd edib ki, Rusiya özü hazırda Ukraynada müharibə apardığı üçün insanlar bu ölkəyə üz tutmaq istəmir:
“Rusiya çalışır ki, daxili siyasi məqsədləri üçün azərbaycanlıları hədəfə alsın. Amma bu siyasət nə Azərbaycan dövlətinə, nə də onun vətəndaşlarına təsir edəcək”.
Bəsti Rəfizadə
Sfera.az