Zaxarova Azərbaycana təşəkkür etdi

Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar İran, İsrail və İraqdan 1000-dən çox Rusiya vətəndaşı təxliyə edilib. Rusiya vətəndaşları İranı əsasən Azərbaycan, Ermənistan və türkmənistan vasitəsilə tərk ediblər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Ümumilikdə bu il iyunun 14-dən etibarən 1000-dən çox insan - Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarının ailə üzvləri, nümayəndə heyətləri, yaradıcı qruplar, təsərrüfat subyektlərinin şəxsi heyəti, turistlərimiz, həmvətənlərimiz üçün təxliyə təşkil olunub. Doqquz yüzə yaxın adam İranı tərk edib, təbii ki, rəqəmlər dəqiqləşdiriləcək. Azərbaycanın Astara, Ermənistanın Aqarak və Türkmənistanın Bacagiran sərhəd keçid məntəqələri vasitəsilə marşrutlar hazırlanıb. 130-dan çox rusiyalıya Misir və İordaniya vasitəsilə İsraili tərk etməkdə köməklik edilib. 85 nəfər İraqı tərk edib", - o bildirib.
Zaxarova göstərilən köməyə görə İran, İsrail, Azərbaycan, Ermənistan, Misir, İordaniya, İraq və Türkmənistanın hakimiyyət orqanlarına minnətdarlığını bildirib.