İsrail-İran müharibəsi bitdi? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişə tərəflərindən mövcud atəşkəs rejimini pozmamağı xahiş edib.
Sfera.az xatırladır ki, onun sözlərinə görə, bu razılaşma müharibənin sonu anlamına gəlir:
“İsrail və İran tam atəşkəs olacağı barədə razılığa gəliblər. Bu andan etibarən müharibə bitmiş hesab olunacaq”, – deyə o bildirib.
Tramp əlavə edib ki, atəşi ilk olaraq İran altı saatdan sonra dayandıracaq. Daha sonra 12-ci saatda İsrail, 24-cü saatda isə bütün dünya 12 günlük müharibənin rəsmi başa çatmasını alqışlayacaq.
İsrail və İran Trampın atəşkəs çağırışına daimi əməl edəcəkmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov dünən gecə İranın ABŞ-nin Qətərdə yerləşən hərbi bazasına endirdiyi raket hücumlarından sonra vəziyyətin sakitləşəcəyinin gözlənilən olduğunu bildirib.
O qeyd edib ki, bazaya yönəlmiş 14 raketdən 13-ü Amerika müdafiə sistemləri tərəfindən havada məhv edildi:
“Sonuncu raket isə boş sahəyə düşdüyündən heç bir ziyan və ya itki baş vermədi. Bu hadisədən dərhal sonra ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edərək atəşkəsə çağırış etdi və hər iki tərəf bu təklifi qəbul etdi”.
Politoloq hazırda atəşkəs rejiminə əsasən riayət olunduğunu və qarşı tərəflərin münaqişənin daha da alovlanmasında maraqlı görünmədiklərini əlavə edib:
“Bu mövqe həmçinin ABŞ-nin strateji maraqları ilə üst-üstə düşür. Atəşkəs müsbət bir addım sayılsa da, bu, bölgədəki köklü problemlərin aradan qalxdığı anlamına gəlmir. Əksinə, əsas səbəblər hələ də aktual olaraq qalır və sadəcə olaraq proses müvəqqəti olaraq dayandırılıb”.
O.Qasımovun fikrincə, gələcəkdə gərginliyin növbəti mərhələsinin nə vaxt başlayacağı və tərəflərin hansı mövqe tutacağı zamanla bəlli olacaq:
“Mövcud sakitlik müvəqqəti rahatlıq yaratsa da, Yaxın Şərqdəki dərin böhranın əsas qaynaqları hələ də həllini tapmayıb”.
Fidan Hacızadə
Sfera.az