Bu seçkiləri Prezident təyin edəcək

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edəcək.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir.
Layihəyə əsasən, müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bundan başqa Ali Məclis sədri Naxçıvan MR-in ali vəzifəli şəxsi sayılmayacaq
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq. Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az