İran ABŞ-nin təklifini qəbul etmədi

İran ABŞ-nin təklifini qəbul etmədi

Tehran ABŞ-nin təqdim etdiyi son nüvə təklifini “qəbuledilməz” hesab edir və yaxın günlərdə Oman vasitəsilə rəsmi Vaşinqtona yeni əks-təklif göndərəcək.

 

Sfera.az “Reuters”nəşrinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsəmail Baqai bu gün verdiyi açıqlamada bildirib. Sözçü qeyd edib ki, Vaşinqtonun may ayının sonunda təqdim etdiyi təklif İranın uranı zənginləşdirmə haqqı, yüksək zənginləşdirilmiş ehtiyatların ölkədən çıxarılması və ABŞ sanksiyalarının ləğvi kimi əsas məsələlərdə yaranan fikir ayrılıqlarını aradan qaldırmaqda uğursuz olub.

 

“ABŞ-nin təklifi bizim üçün məqbul deyil. Bu, əvvəlki danışıqların nəticəsi deyildi. Biz öz təklifimizi yekunlaşdırdıqdan sonra Oman vasitəsilə qarşı tərəfə təqdim edəcəyik. Bu təklif ağlabatan, məntiqli və balanslıdır”, – deyə Baqai vurğulayıb.

 

O, həmçinin əlavə edib ki, İran və ABŞ arasında keçiriləcək altıncı raund nüvə müzakirələrinin dəqiq tarixi hələ müəyyən edilməyib. İranın ali lideri Ayətullah Əli Xamenei də məsələ ilə bağlı mövqeyini açıq ifadə edərək, zənginləşdirmə fəaliyyətinin davam etdiriləcəyini bildirib və ABŞ-nin mövcud təklifinin ölkənin milli maraqlarına uyğun olmadığını vurğulayıb. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə 2015-ci il tarixli nüvə sazişindən çıxmış və İran iqtisadiyyatına ciddi təsir edən sanksiyaları bərpa etmişdi. Buna cavab olaraq, İran uran zənginləşdirməsini razılaşma çərçivəsindən xeyli kənara çıxararaq davam etdirmişdi.

 

Fidan Hacızadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR