Putin Trampa telefonda bunları deyib: "Mən..."

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Baş tutan telefon danışığı zamanı əsas müzakirə mövzuları Ukraynanın Rusiyanın hərbi hava bazalarına pilotsuz uçuş aparatları ilə hücumu və İranın nüvə proqramı olub. Eyni zamanda danışıqların yaxşı keçdiyi, lakin dərhal nəticənin olmayacağı da bildirilib.
Maraqlıdır, müharibənin gedişatının necə olması gözlənilir? Rusiyanın geri çəkilmə ehtimalı varmı?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov müharibənin genişlənmə ehtimalının sona çatmasından daha yüksək olduğunu deyib.
Politoloq Ukrayananın bundan əvvəlki davranışlarının yekun sülhü gecikdirəcəyini də sözlərinə əlavə edib:
“Telefon danışığı zamanı Putin Trampa bildirdi ki, bu müharibədə qalib gələcək. Tramp isə cavab olaraq dedi: “Putin mənə həqiqəti deyir”. Bu ifadə çox şeydən xəbər verir. Putin istəsə də, istəməsə də, bu müharibəni davam etdirməyə məcburdur. Çünki əgər geri çəkilərsə, bu, Rusiyanın beynəlxalq nüfuzuna ciddi zərbə vuracaq. Ukrayna Rusiya üçün həm siyasi, həm də strateji baxımdan olduqca önəmlidir. Belə bir əməliyyata səssiz qalmaq zəiflik əlaməti sayılar və Rusiya buna yol verə bilməzdi. Bu zəiflik isə sülh danışıqları perspektivini daha da çətinləşdirir. İstanbulda aparılan danışıqlar davam etsə də, onların real nəticə verəcəyi sual altındadır. Çox güman ki, Avropa bu danışıqların nəticəsiz qalmasında maraqlıdır. Avropa müharibənin davam etməsini istəyir və təsadüfi deyil ki, Ukraynanın əməliyyatı İstanbul danışıqlarından cəmi bir gün əvvəl həyata keçirildi. Bu, Avropanın bu prosesin arxasında ola biləcəyinə işarədir”.
Müsahibimiz Ukraynanın xüsusi xidmət orqanlarının bu əməliyyatda rolunun danılmaz olduğunu qeyd edib.
K.Novruzov vurğulayıb ki, lakin bu, Ukraynanın qələbəsi kimi qiymətləndirilməməlidir:
“Əksinə, həm Ukrayna, həm də Rusiya bu prosesdə güclənməkdə davam edir. Müharibə bu şəkildə uzanarsa, yaxın zamanda bitəcəyini düşünmürəm. Bu telefon danışığı da münaqişənin davam edəcəyinə dair bir siqnal oldu. Bütün bunlarla yanaşı, Rusiya yalnız hərbi deyil, həm də diplomatik baxımdan addımlarını düşünməlidir. Xüsusilə İran məsələsində və Rusiya dənizçiləri ilə bağlı məsələlərdə diplomatik razılaşmalar diqqətlə nəzərdən keçirilməlidir”.
Fidan Hacızadə
Sfera.az