İran döyüş vəziyyətində - Hədəf kimdir?

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri bildirib ki, İran ordusu və İnqilab Keşikçiləri Korpusu (Sepah) hazırda Hörmüz boğazı, Fars körfəzi və Makran sahillərində döyüş və əməliyyat hazırlığının ən yüksək səviyyəsindədir.
Onun sözlərinə görə, bölgədə baş verən gərginliklər və xarici təhdidlər fonunda İran Silahlı Qüvvələri hər an mümkün hücumlara qarşı hazır vəziyyətdədir.
Baqeri qeyd edib ki, bu hazırlıq həm müdafiə gücünü nümayiş etdirmək, həm də ölkənin strateji mövqelərini qorumaq məqsədi daşıyır.
O, həmin dövlətlərə işarə edərək deyib:
“Ola bilər, siz səhv hesablamalara əsaslanaraq İranla münaqişəyə başlayarsınız. Münaqişənin sonu, onun forması, vaxtı, yeri və döyüş meydanının genişlənməsi artıq sizin əlinizdə olmayacaq, bunları İslam Respublikası müəyyən edəcək”.
İranın güc nümayişi kimə və necə real təhlükə yaradır? İranın “münaqişənin formasını biz seçəcəyik” mesajı hansı mənanı verir?
Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, bu bəyanatlar ilk dəfə səslənmir. Onun sözlərinə görə, İran uzun illərdir bu cür açıqlamalarla vəziyyətin nəzarət altında olduğunu və ölkənin hərbi imkanları sayəsində öz müdafiəsini təmin etmək gücündə olduğunu vurğulayıb.
Müsahibimiz bu cür mesajların iki məqsəd daşıdığını qeyd edib. Belə ki, politoloqun fikrincə bu mesaj bir tərəfdən daxili auditoriyaya ünvanlanır ki, insanlar görsünlər vəziyyət nəzarət altındadır, İran rəhbərliyi ölkənin milli təhlükəsizliyi üçün bütün zəruri addımları atır. Digər tərəfdən isə xarici auditoriyaya yəni İranın təhlükə gördüyü dövlətlərə qarşı bir mesaj xarakteri daşıyır.
"İran bu yolla göstərmək istəyir ki, özünü müdafiə etmək imkanına malikdir və strateji baxımdan böyük əhəmiyyət daşıyan Hörmüz boğazına nəzarəti tam şəkildə ələ ala bilər. Bu əslində İranın çəkindirmə mexanizmidir. İran bu yolla mesaj verməyə çalışır ki, əgər ona qarşı hansısa addımlar atılarsa və ya zərbələr endirilərsə, o da Hörmüz boğazına və Fars körfəzindəki nəqliyyat yollarına tam nəzarəti ələ alma imkanına malikdir. Bu isə şübhəsiz ki, dünya ticarəti üçün böyük bir maneə olacaq və Avropa kimi dövlətlər, beynəlxalq güclər heç bir halda bunun baş verməsini istəməzlər”.
S.Zahidov Donald Trampın Yaxın Şərq səfərinin artıq bu gündən başladığını və bu səfər ərəfəsində bu cür mesajların verilməsilə diqqətin Avropa-İran danışıqlarına yönəldiyini diqtə edib:
“Bu danışıqlarda müəyyən çətinliklər var və hər iki tərəf üstünlüyü əldə etməyə çalışır. İran bu yolla həm də bildirmək istəyir ki, əgər danışıqlar uğursuz olarsa və ona qarşı sanksiyalar və təzyiqlər artırılarsa, onun əlində bu kimi imkanlar da var.
Analitik digər tərəfdən İranın narahat olduğunu qeyd edib.
O, İsrail tərəfindən İrana hücumlar ola biləcəyini və İsrailin mümkün hücumuna qarşı da İranın bu cür mesajlarla çəkindirmə vasitələrini və imkanlarını təkmilləşdirməyə çalışdığını bildirib.
Fidan Hacızadə
Sfera.az