Ukrayna və Rusiya atəşkəsə razı olmur: "Daimi razılaşma mümkünsüzdür, çünki..."

Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Ukrayna arasında atəşkəsin elan oluması çağırışları artıb. Ötən gün Rusiya Prezidenti Vladimir Putin də Böyük Vətən müharibəsində əldə edilən qələbənin 80 illiyi münasibətilə üçgünlük atəşkəsin elan edilməsi təklifi ilə çıxış edib. Amma Ukrayna Prezidenti Volodimir Zelenski bunu qəbul etməyib.
Atəşkəs təkliflərinin tez-tez eşidildiyi indiki vəziyyətdə bunun hansı tərəf üçün daha əlverişli olması sualları yaranır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi analitik Tural İsmayılov hesab edir ki, hazırda Rusiya və Ukrayna arasında daimi sülh razılaşması mümkün görünmür.
Onun fikrincə, bu müharibə yalnız qarşılıqlı güzəştlər fonunda dayandırıla bilər. Amma T.İsmayılov Ukraynanın Rusiyaya ərazi güzəşti etməsinin real olmadığını bildirdi:
"Əlbəttə ki, Donald Tramp üçün iqtisadi maraqlar daha əsasdır. Trampın siyasəti məhz iqtisadi kimlik üzərində qurulub. O, istəyir ki, Rusiya ilə Ukrayna arasında çox tez bir zamanda razılaşma əldə olunsun və bu razılaşmalar da hansısa müvəqqəti bir fona köklənməsin”.
Lakin siyasi şərhçi hesab edir ki, real vəziyyət daimi sülhə imkan vermir. Onun sözlərinə görə, iki ölkə arasında dərin həll olunmamış problemlər var:
“Daimi razılaşma mümkünsüzdür, çünki Rusiya ilə Ukraynanın həll etməli çox məsələsi var və bu məsələlərin də həlli çox çətin görünür”.
İsmayılov Ukraynanın Rusiyaya ərazi güzəşti etmə ehtimalını da qeyri-mümkün sayır:
“Məncə, Ukraynada hakimiyyətin siyasi yönümünün necə olmasından asılı olmayaraq Rusiyaya ərazi güzəştləri etməyəcək. Ukraynanın hansısa bir ərazini güzəştə getməsi, Ukraynanın bu savaşdakı bütün tarixi mübarizəsinin üstündən xətt çəkmək olardı”.
T.İsmayılov qeyd edib ki, gələcəkdə fərqli siyasi qüvvələrin hakimiyyətə gəlməsi belə, Ukraynanın Rusiyanın işğalına loyal yanaşmasına səbəb olmayacaq:
“Bəlkə gələcəkdə nə zamansa Rusiyaya yönümlü qüvvə hakimiyyətə gələrsə, bu mütləq bir prinsip olmaya bilər. Amma Ukraynada hazırda müxalifətdə belə Rusiyanın işğalını dəstəkləyən siyasi güclər mövcud deyil”.
Bəsti Rəfizadə