“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi”- İlham Əliyev

“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi”- İlham Əliyev

“Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ötən gün ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

 

“40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışmış, nəticədə buna nail olmuşdur və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərmişdir. Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarmışdır. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir. Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanmışdı. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə, bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb?

 

Mən İrandan olan qonaqlara sual verdim - mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib.

 

Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi.

 

Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır”, - dövlət başçısı bildirib.

 

 



OXŞAR XƏBƏRLƏR

Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ARTDI

Azərbaycanda evlərin qiymətində artım müşahidə olunur.   Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin birinci rübündə mənzillərin qiym...

Uşaqlığından bəri kor olmaq istəyən və gözlərinə kimyəvi maddələr tökən qadın - FOTO

Jewel Şupinq adlı qadın illərlə kor olmaq arzusu ilə yaşayıb. Gözləri tamamilə sağlam olsa da, özünü heç vaxt görmə qabiliyyətinə malik insan kimi hiss etməyib....

“Bəxşiş” kimi malikanələr: Milyonerlər üçün gizli şəhərin sakinləri necə yaşayır? - FOTOLAR

Los-Ancelesdən (ABŞ) 23 mil aralıda San Qabriel dağlarının ətəyində gözlərdən uzaq Bradberi şəhəri maraqlı gözlərdən gizlədilib, əyalətdəki sərtlik və həddindən...

Niyə fillər və balinalar kimi daha böyük heyvanların xərçəngə tutulma ehtimalı azdır?
Fillərin və ya balinaların xərçəng kimi ciddi xəstəliklərə tutulma ehtimalının bizdən daha az olduğunu eşitmək əvvəlcə bir az təəccüblü görünə bilər, elə deyilm...

Ərdoğan Azərbaycanla bağlı sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi...

Başlıbel qətliamından 32 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür.   Sfera.az xatırladır ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində ...