"Onlar Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətindəymiş kimi davranırlar"- Bəhruz Məhərrəmov

"Bu gün Azərbaycan cəmiyyətində bir qism insan nə qədər qəribə olsa da, Türkiyə vətəndaşlarından daha çox Türkiyə siyasətindəymiş kimi davranır".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili qeyd edib ki, bu məsələdə Türkiyə özü qərar verəcək:
“Türkiyədəki problemi yoluna qoymaq üçün qardaş dövlətin yetərincə gücü, türk xalqının isə yetkin iradəsi mövcuddur və kənardan heç kimin məsləhət və tövsiyələrinə ehtiyac duyulmur. Bu mənada, Azərbaycandan, öz ölkəsində zərrə qədər nüfuzu olmayan siyasi luzerlərin Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsimi adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğurur”.
B.Məhərrəmov əlavə edib ki, eyni kəsim bir zamanlar profillərini Ukrayna bayraqları ilə bəzəyir, çıxışlarını "Slava Ukrayna" sözləri ilə başlayıb-bitirirdilər, amma Trampın hakimiyyətə gəlməsi və ABŞ-nin bu məsələdə mövqeyini dəyişməsi, nəticədə bu təbliğata axan maliyyə kranını bağlaması ilə adıçəkilən dairələrin Ukrayna sevgisi də başa çatdı.
Deputat vurğulayıb ki, bu gün həmin kəsimin yenidən fəallaşmasının məqsədi kifayət qədər aydındır:
“Antimilli şüur gizlətmir ki, baş verənlərə türk baharı kimi ümid edir. Amma bu adamlar hələ də başa düşmür ki, türkün baharı idxal olunan inqilablar deyil, türkün baharını artıq cənab İlham Əliyev Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi ilə başladıb, türk baharı elə Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizidir, türkün baharı Qərbi Azərbaycana qayıdışdır”.
Firuzə Əliyeva