Azərbaycan-Türkiyə münasibətləri nümünəvi müttəfiqlik modelidir

Azərbaycan-Türkiyə münasibətləri nümünəvi müttəfiqlik modelidir

İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşan və ötən 80 il ərzində oturuşmuş geosiyasi münasibətlər sistemi dəyişmək üzrədir. Bir vaxtlar monolitliyi şübhə doğurmayan Qərb blokunda artıq maraqlar toqquşması açıq şəkildə önə çıxır və sözsüz ki, bu, prioritetlər seçiminə də təsir edir. Faktiki yeni dünya düzəni formalaşır və bu səbəbdən, istisnasız bütün ölkələr yeni qayda və çağırışlara adekvat cavabın axtarışındadır. Belə şəraitdə hətta ən inkişaf etmiş dövlətlər belə, özlərinin suveren təhlükəsizliyi ilə bağlı məsələyə münasibətdə fərqli yanaşma və siyasi konfiqurasiyalar üzərində düşünməyə məcbur olur. Dünya düzəninin yeni formatı regional təhlükəsizlik və qarşılıqlı öhdəliklərlə bağlı məsələni daha qabarıq şəkildə üzə çıxarır. Bir sözlə, yeni çağırışlar ənənəvi müttəfiqlik modellərini də ciddi sınaqlarla qarşı-qarşıya qoyur.

 

Şübhəsiz ki, bu proses yerləşdiyimiz çoğrafiyaya da təsirsiz ötüşmür. Bu səbəbdən ölkəmizin siyasi, iqtisadi və hərbi təhlükəsizliyi Azərbaycan Prezidentinin xüsusi diqqət mərkəzindədir. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi qətiyyəti sayəsində imzalanmış tarixi Şuşa Bəyannaməsi xüsusilə indiki şəraitdə qarşılıqlı etimada və təbii birliyə söykənən müttəfiqlik münasibətlərinin bənzərsiz nümunəsini ortaya qoyur. İki qardaş ölkənin Liderləri hər fürsətdə dünyaya göstərirlər ki, bu müttəfiqlik ortaq tarixi köklər üzərində qurulduğu üçün başqalarından fərqlənir və gücünü, ilk növbədə, milli-mənəvi dəyərlərimizdən alır. Azərbaycan-Türkiyə münasibətlərini digər müttəfiqlik konfiqurasiyalarından əhəmiyyətli dərəcədə fərqləndirən odur ki, onun təməli sağlamdır və maraqları da ortaq dəyərlər formalaşdırır. Türk Dövlətləri Təşkilatının (TDT) təməlində də məhz bu dəyərlər sistemi dayanır. 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan müqaviləsi ilə əsası qoyulan Türk Şurasının bu gün TDT kimi nüfuzlu beynəlxalq təsisata çevrilməsi türkdilli xalqların tarixi bağlarından doğan təbii birlik modelidir. Prezident İlham Əliyevin ötən il fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı verdiyi bu mesaj TDT-nin bir təşkilat kimi yalnız səmimiyyətə və qarşılıqlı etimada söykəndiyini bütün dünyaya nümayiş etdirdi:

 

”Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

 

Prezident İlham Əliyevin martın 5-də Türkiyəyə növbəti işgüzar səfəri həm müttəfiqlik münasibətlərimizin daha da dərinləşməsi, həm də yeni dünya düzəninin doğurduğu çağırışlara cavab nöqteyi-nəzərindən xüsusu siyasi çəkiyə malikdir. Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı ölkələrimizin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verməklə yanaşı, bütövlükdə Türk dünyasının ortaq maraqlarına xidmət baxımından olduqca əhəmiyyətlidir. Cəmi ilyarım ərzində reallığa çevrilən bu layihə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi qlobal layihələrin davamı olaraq, nəinki ölkələrimizin enerji təhlükəsizliyinə əlavə təminat verir, cənab Prezidentin qeyd etdiyi kimi, bu layihələr həm də Avrasiyanın enerji xəritəsini köklü şəkildə dəyişdirir. Prezident İlham Əliyevin Ankarada səsləndirdiyi növbəti fikir isə Türk dünyasının böyük gələcəyinə bəslənilən inamın sağlam təməllərə söykəndiyini dünyaya bir daha nümayiş etdirir: “Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”.

 

Heç şübhəsiz ki, İğdır-Naxçıvan qaz kəməri ölkəmizin, xüsusilə uzun onilliklər ərzində blokadadan əziyyət çəkən Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsində mühüm rol oynayır. Bu layihə Naxçıvanı hələ də blokadada saxlamağa çalışan dairələrə, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi müxtəlif bəhanələrlə yerinə yetirməkdən yayınan Ermənistan hökumətinə ciddi mesajdır. Azərbaycan-Türkiyə müttəfiqliyinin təbii bəhrələrindən biri olan İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi həm Ermənistana, həm də onun açıq-gizli havadarlarına bu xəbərdarlıq anlamına gəlir ki, Naxçıvan blokadadan mütləq çıxarılacaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin ediləcək. Ermənistan ya bu reallığı düzgün qiymətləndirərək Zəngəzur dəhlizini və digər kommunikasiyaları açmalı olacaq, ya da özü-özünü qlobal layihələrdən bundan sonra da təcrid edəcək. Ümid edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində səsləndirdiyi bu fikir Türkiyə-Azərbaycan müttəfiqliyindən, Türk dünyasının birliyindən və Türk Dövlətləri Təşkilatının artmaqda olan nüfuzundan narahat olan məlum dairələr tərəfindən düzgün anlaşılacaq və qarşılıqlı şəkildə faydalı olan əməkdaşlığa səmimi çağırış kimi qiymətləndiriləcək: ”Fürsətdən istifadə edərək, bunu da demək istəyirəm ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik”.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq

Türkiyə 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştə...

Heydər Əliyev Mərkəzində italyan heykəltaraşın sərgisi açılıb - FOTO

Martın 6-da Heydər Əliyev Mərkəzində italyan heykəltaraş Cüzeppe Kartanın (Giuseppe Carta) “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı...

Biləsuvar sakini naməlum şəraitdə güllələndi

Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.   Sfera.az-ın məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.   Be...

Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında...

Paytaxtdakı şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlandı

Nizami rayonu, Babək prospekti, 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Eldar Ağa Zəki oğlu Dadaşova məxsus "Sərin" şadlıq evində Azərbaycan Qida...

Mehriban Əliyeva Gəncə səfəri ilə bağlı paylaşım etdi -VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “X”dəki hesabında Gəncə şəhərinə səfəri ilə ...