“USAİD-ın ləğvi İrəvan üçün böyük zərbədir” - Bəhruz Məhərrəmov

“Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral tarixli bəyanatı bir daha göstərdi ki, Ermənistan regionda dayanıqlı sülhün tərəfdarı deyil və Paşinyanın normallaşma ilə bağlı bəyanatları sadəcə imitasiyadır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Millət vəkili bildirib ki, bu günə qədər Azərbaycan və Ermənistan arasında normallaşma prosesində hansı uğur əldə olunubsa, monoloq yolu ilə əldə olunub: “İndi Azərbaycan hərbi siyasi qələbələri ilə elə bir geosiyasi konfiqurasiya yaradıb ki, nə Avropa İttifaqı, nə də onun çirkab yuvasına dönmüş parlament strukturu hansısa bəyanatla regionda nəyisə dəyişə bilməz. Əksinə, proseslər göstərir ki, zaman Azərbaycanın lehinə işləyir. Demokratların hakimiyyəti itirməsi ilə Ermənistan artıq okeanın o tayından əvvəlki dəstəyi görmür, yaxud Ermənistanı yeni münaqişəyə təşviq etmək məqsədi ilə son 5 ildə bu ölkəyə yardımlarını 2 dəfə artıran USAİD kimi korrupsiya yuvasının ləğvi İrəvan üçün böyük zərbədir. Yerli-yersiz Ermənistana dəstək verən Kanadanın özünün bir dövlət kimi mövcudiyyəti sual altına düşüb, Tramp Kanada Baş nazirini qubernator adlandırır. Yəni görünən odur ki, Avropa İttifaqı strukturları Ermənistanın himayəçisi qismində faktiki olaraq meydanda tək qalıb və bu prosesdə isə Avrostrukturların əsas tərəfdaşı qismində Azərbaycanda antimilli ünsürlər çıxış edir”.
B.Məhərrəmov qeyd edib ki, Qərb təbliğat maşını marionetləri müstəqil siyasətçi adı altında, qərb tezislərindən asılı jurnalistləri azad media adı altında, ifşa olunmuşları isə siyasi məhbus adı altında Azərbaycan cəmiyyətinə sırımağa cəhd edir: “Əslində, xarici təsirlərin artığı hazırkı həssas dönəmdə ən müstəqil siyasətçi və ən azad jurnalist elə dövlətinin və prezidentinin yanında olmağı bacaranlardır. Dövlətin qarşısında durmaq qarşı cəbhədə olmaq deməkdir və heç bir halda müstəqillik göstəricisi ola bilməz, bu ya xainlikdir, ya da satqınlıq”.
Firuzə Əliyeva