Almaniyada seçkilər yekunlaşdı: Nəticələr nə vəd edir?

Almaniyada seçkilər yekunlaşdı: Nəticələr nə vəd edir?

Almaniyada fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku 28,6% səs toplayaraq qalib gəlib. İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası 20,8% səs toplayaraq ikinci yerdə qərarlaşıb.  Əvvəlki hökumətin kansleri Olaf Şolzun partiyası olan SPD 16,5 faiz səs toplayıb. Bu nəticəyə əsasən, CDU/CSU-nun lideri Fridrix Mersin yeni kansler olması gözlənilir.

 

Mers daha konservativ bir liderdir və iqtisadi liberalizm, vergilərin və dövlətin müdaxiləsinin azaldılması mövzularına daha sərt yanaşır. O, həmçinin Avropa siyasəti və təhlükəsizliyi məsələlərində kəskin mövqeyə sahibdir. Siyasətçi miqrasiya məsələlərində də sərt mövqe tutur.

 

Maraqlıdır, bu yenilik Almaniyada hansı dəyişikliklərə səbəb olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Almaniyada baş tutan seçkilər bir daha sübut etdi ki, dünyada “sağ” və “sağ-mərkəz” önə çıxır, “sol-pvesdo-liberal” siyasi güclər zəifləyir. 

 

Onun sözlərinə görə, xalqlar və toplumlar içiboş, mənasız, insan faktorunu kənara çəkən, iqtisadiyyatın hər sahəsini batıran “over-regulation” (aşırı tənzimləmə) yanaşmalardan bezib:

 

“İnsanları zinhara gətirən, bardağı daşıran son damcı “pandemiya” adlanan dönəmin ciyayətkarcasına idarə edilməsi oldu. İqtisadi oyunçuları isə bezdirən tənzimləmələrin artması, Avropanın “SSRİ-ləşməsi” oldu. Avropada “yaşılların” fiaskosu məhz buna görə baş verdi, ciddi mövzuları “gretathunberg”-ləşdirilməsi insanları bezdirdi, iqtisadiyyatı zəiflətdi”. 

 

Ekspert qeyd edib ki, Almaniya kimi bir ölkədə AFD-nin 21%-ə yaxın səs toplaması ciddi siqnaldır:

 

“Əgər “mərkəz sağ” və konservatizmi təbliğ edən Mertslə onun komandası işlək hökumət qurub problemləri həll, “sol”-la ittifaq qurub nəticə əldə edə bilməsə, hökumət koalisiyası yenə dağıla bilər və belə olsa, növbəti seçkilərdə AFD 35-40% səs yığıb hökumət formalaşdırmaq hüququ qazanacaq. Şərqi Almaniya zatən AFD-nindir, Qərbi Almaniyada 2-3 böyük əyalətdə səsini artırsa, qarşısıalınmaz olacaq. Eyni mənzərəni biz gələn seçkilərdə Fransada da görəcəyik - Marion Le Penin partiyası və ona qoşulan “sağ” qüvvələr qalib gələcəklər. Qoca Avropa “sağ” siyasətə keçir, görək bu onların “sağalmasına” səbəb olacaqmı...”.

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR