Almaniya kansleri yenidən xanım ola bilər - Radikal mövqeyi ilə seçilən Vaydel KİMDİR?
Almaniya parlamentinə bu ilin fevralın 23-də keçiriləcək seçkilərdə hazırkı kansler Olaf Şoltsun əsas rəqiblərindən biri qadın namizəd olacaq.
Sfera.az xəbər verir ki, Şoltsun namizədliyi Sosial Demokrat Partiyası (SPD) tərəfindən irəli sürülüb. Bu seçkidə Şoltsun əsas rəqiblərindən biri Almaniya üçün Alternativ (AfD) partiyasının namizədidir. AfD-nin namizədi xanım Elis Vaydeldir. Vaydel radikal mövqeyi ilə seçilir.
O, partiyasının qurultayında çıxışı zamanı bəyan edib ki, baş nazir olarsa, Almaniyanın dərhal sərhədlərini bağlayacaq və miqrantların geri göndərilməsi siyasətini həyata keçirəcək. Veydel Avropa İttifaqının qaçqın planından çıxacaqlarını da bəyan edib. AfD-nin seçki vədləri arasında qaçqınlar üçün daimi yaşayış icazələrinin ləğvi, məktəblərdə hicabın qadağan edilməsi və yalnız valideynlərdən biri alman olan insanlara Almaniya vətəndaşlığının verilməsi daxildir. Vaydel külək turbinlərinin yığışdırılmalı və atom elektrik stansiyalarının yenidən açılmasının lazım olduğunu müdafiə edərək, bərpa olunan enerji siyasətlərinə qarşı çıxıb.
O, həmçinin LGBTQ və gender tədqiqatlarına ayrılan maliyyənin kəsilməsinə və bu sahələrdə professorların işdən çıxarılması ilə bağlı çağırış edib.
Qeyd edək ki, AfD artan səs payı ilə Almaniya siyasətində təsir gücünü artırır. Cümə günü dərc olunan sorğuya görə, AfD 22 faizlə tarixdə ən yüksək səs payını qazanıb. Bu nəticə partiyanı Xristian İttifaqı (CDU/CSU) partiyalarından sonra ikinci yerə çıxarıb. Şoltsun partiyası isə 14 faizlə dördüncü yerdə qərarlaşıb.
Xristian İttifaqı partiyaları 29 faiz səslə liderliyini qoruduğu halda, Yaşıllar 15 faizlə SPD-ni qabaqlayıb. Sorğularda olduğu kimi, AfD yüksək səs toplayarsa və özünə koalisiya ortağı taparsa, Almaniyada yeni hökuməti formalaşdıra bilər. Onu da bildirək ki, son illərdə Avropada sağçılar seçicilərdən daha çox səs almağa başlayıblar. Bu səbəbdən ehtimal edilir ki, Almaniyada növbəti seçkidə Vaydelin partiyası daha çox səs qazanacaq.
Vaydel 30 faizə yaxın səs toplayarsa və özünə ortaqlar taparsa, yeni hökumətin baş naziri ola bilər. Lakin yerli analitiklər hesab edir ki, parlamentə düşəcək digər partiyalar radikal mövqeyə sahib partiyaları dəstəkləməkdə maraqlı deyillər. Buna görə də, Vaydelin partiyasının çox səs toplamaq imkanı olsa da, hökuməti qurmaq şansının az olduğu düşünülür.
Vasif
Sfera.az