"PKK terror təşkilatı özünü buraxdığını rəsmən elan edə bilər" - ŞƏRH
Türkiyədə yenidən “Kürd açılımı” siyasətinə start verilib. Belə ki, Türkiyə rəhbərliyi PKK terror təşkilatına son verməyi, ölkənin tam təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə prezidenti bu müddəti MHP lideri Dövlət Baxçalı vasitəsilə həyata keçirir:
“İmralı həbsxanasında cəza çəkən PKK terror təşkilatının lideri Abdullah Öcalanla danışıqlar aparılıb. Kürdlərin DEM partiyasının rəhbərliyi MHP lideri ilə görüşlər keçirdi. Demək olar ki, proses müsbət istiqamətdə davam edir. Danışıqlar baş tutarsa, Öcalan PKK-nın silahı yerə qoyacağını və bu terror təşkilatına son veriləcəyini açıqlamalıdır. Düşünürəm ki, Türkiyə rəhbərliyinin yeni açılım siyasəti müsbət nəticə verə bilər. Çünki regional və beynəlxalq şərtlər dəyişib, qardaş ölkə kifayət qədər güclənib. PKK terror təşkilatına daxildə və sərhəddən kənarda zərbələr vurulub. Digər tərəfdən, İraqda regional Kürd Muxtariyyəti PKK-nı təhlükə sayaraq Türkiyə ilə eyni siyasi görüşdədir. Həmçinin Ankara və Bağdad PKK-ya qarşı ortaq hərəkətdə razılaşıb”.
Ekspert bildirdi ki, Türkiyənin Suriyada qalib gəlməsi də mühüm faktorlardandır:
“Bundan əlavə, Suriyada Türkiyənin söz sahibi olması Avropa ölkələrinin PKK-ya dəstək verməsini neytrallaşdırıb. Çünki Qətərdən yeni qaz kəməri çəkilməli və Avropanın qaza olan tələbatı ödənməlidir. Ümumilikdə, yaxın perspektivdə Türkiyədə 40 ildir fəaliyyət göstərən PKK terror təşkilatı özünü buraxdığını rəsmən elan edə bilər. Proses həssasdır və PKK daxilində müqavimət göstərən mərkəzlər də olacaq”.
Günay