"Rusiya bundan əmin olanda nüvə silahından istifadə edəcək" - AÇIQLAMA
“Moskvanın dəfələrlə belə planların olmadığı barədə bəyanatlarına baxmayaraq, Vaşinqton Rusiyanın nüvə silahından istifadə edə biləcəyindən narahatdır”. Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken ötən gün “Financial Times”a müsahibəsində deyib.
Maraqlıdır, ABŞ-nin narahatlığı nə qədər realdır?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ukrayna savaşı uzandıqca və Qərbin rəsmi Moskvaya təzyiqi artıqca nüvə müharibəsinin başlanma ehtimalı da artır.
Müsahibimizin sözlərinə görə, Rusiya itirəcək nəyinsə olmadığından əmin olanda, taktiki nüvə silahından istifadə edə bilər:
“Blinkenin açıqlamasının isə indiki an üçün real əsası yoxdur. Bu, daha çox informasiya müharibəsinin tərkib hissəsi və psixoloji təzyiq kimi qiymətləndirilməlidir. "Moskvanın dəfələrlə belə planların olmadığı barədə bəyanatlarına baxmayaraq" sözləri təsadüfi işlənməyib. ABŞ dövlət katibi bununla Rusiyanın sözünə inam olmamasına diqqət çəkmək istəyib. Həmçinin beynəlxalq ictimaiyyəti Moskvaya qarşı daha radikal olmağa, mümkün nüvə savaşının qarşısının alınmasına çağırıb”.
K.Novruzov bildirdi ki, indi 5-6 ay əvvəlkinə nisbətən Rusiyanın nüvə silahından istifadə etmək ehtimalı daha azdır:
“Çünki cəbhədə vəziyyətin gərgin olmasına baxmayaraq, Rusiya taktiki üstünlüyü qorumağı bacarır, müntəzəm olaraq müəyyən ərazilər işğal edir. Üstəlik, Ukraynanın əks- hücum əməliyyatlarının ciddi nəticəsi olmur. Əlbəttə, bu məsələdə Şimali Koreya qoşunlarının Rusiya tərəfdən müharibəyə qoşulmasında da mühüm rolu var. Donald Trampın prezident seçkilərində qalib gəlməsi də savaşın gedişatına təsirsiz ötüşməyəcək. Yeni prezident andiçmədən sonra Ukraynaya dəstəyi azalda bilər. Bu isə Kiyevin Moskvanın şərtləri ilə danışıqlar masasına oturması deməkdir. Rusiya bütün bunları nəzərə alır. Yəni Kreml rəhbərliyi nüvə silahının tətbiqini hələ ki düşünmür”.
Günay Rəsulqızı