ABŞ-də seçkinin qalibi nə zaman bəlli olacaq? - Favorit namizəd AÇIQLANDI
Noyabrın 5-də ABŞ-də prezident seçkiləri ilə bağlı səsvermə keçiriləcək.
Bəs seçkinin nəticələri nə zaman bəlli olacaq?
Sfera.az xəbər verir ki, ABŞ-də səslərin hesablanması məntəqə seçki komissiyaları tərəfindən hər bir seçki dairəsində (hazırda ABŞ-də 3143 dairə var) seçki məntəqələri bağlandıqdan dərhal sonra həyata keçirilir. İşlərin böyük əksəriyyətində (təxminən 70%-də) seçicilər bülletenləri əl ilə doldururlar.
Seçki komissiyasının əməkdaşları da seçki qutularını açdıqdan sonra onları əl ilə yoxlayırlar. Eləcə də poçt səsverməsi zamanı komissiya üzvləri səs verən şəxsin qeydiyyatda olan seçici olub-olmamasını, başqa üsulla səs vermədiyini, zərfdəki imzanın məlumat bazasında göstərilən imzaya uyğun olub-olmamasını da yoxlayırlar. Sonra bülletenlər xüsusi skanerlər vasitəsilə və ya əl ilə hesablanır. Bu prosesin bütün mərhələlərində, bir qayda olaraq, Demokratlar və Respublikaçılar partiyalarının müşahidəçiləri iştirak edirlər.
Bu qaydalarla bülletenlərin hamısının hesablanması bir neçə həftə çəkəcək, lakin seçkinin qalibi daha tez məlum olacaq. Çox vaxt media subyektləri yerlərdən açıqlanan məlumatları təhlil edərək namizədlərdən kimin qalib gəldiyini açıqlayırlar.
Yəni ABŞ-də səsvermədən qısa müddət sonra yeni prezidentin kimliyi bəlli olacaq. Amma rəsmi qurumlar bunu daha gec açıqlayacaqlar. Məsələn, 2020-ci ildə qalib səsvermədən cəmi dörd gün sonra məlum olmuşdu. Beləliklə, ABŞ-nin yeni dövlət başçısının kimliyi bu həftə bəlli olacaq.
Bukmeker kontorları respublikaçıların namizədi Donald Trampı seçki günü öncəsi ABŞ prezident seçkilərində favorit adlandırıblar.
Vasif
Sfera.az