Respublikaçı, yoxsa demokrat ABŞ prezidenti Azərbaycanın maraqlarına uyğundur? - AÇIQLAMA

Respublikaçı, yoxsa demokrat ABŞ prezidenti Azərbaycanın maraqlarına uyğundur? - AÇIQLAMA

Məlum olduğu kimi, noyabrın 5-də ABŞ-də prezident seçkiləri seçiriləcək.  Prezidentliyə əsas namizədlər ABŞ Demokrat Partiyasından Kamala Harris və Respublikaçılar Partiyasından Donald Trampdır.

 

Maraqlıdır,  Ağ Evdə kimin olması Azərbaycanın maraqlarına uyğundur?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, prezidentin kim olması xarici siyasətdə ABŞ maraqlarının təmin edilməsi prioritetini dəyişmir, fərq hansı metodlardan istifadə edilməsi və hansı tərəflərlə işləməkdədir.

 

A.Nərimanlı qeyd edib ki, Azərbaycan-ABŞ münasibətlərinin tamamilə “respublikaçı-demokrat” seçimi üzərindən etmək doğru olmasa belə, tarixi xronologiya respublikaçıların Azərbaycan maraqlarına daha uyğun olduğunu deməyə əsas verir.

 

Belə ki, demokratlarla bağlı mənfi düşüncənin formalaşmasında hələ XX əsrin əvvəlində ortaya atılan “böyük Ermənistan” xülyasını Vudro Vilsonun “yeni dünya xəritəsi” ilə “rəsmiləşdirməsi” böyük rol oynayıb:

 

“Paris Sülh Konfransında Topçubaşovun AXC-nin tanınması istəyini rədd edən Vilson xəritəsində də Azərbaycana yer ayırmamışdı. 70 il sonra Azərbaycan yenidən müstəqil olanda məlum “907-ci düzəliş” respublikaçıların dövründə qəbul edilib, lakin Konqresdə demokratların -  dövlət katibi olmuş Con Kerrinin və hazırki prezident Co Baydenin xüsusi fəallığı da unudulmamalıdır.1997-ci ildə Heydər Əliyevin ABŞ-yə səfəri Bakı-Vaşinqton münasibətlərində müsbət dönüş yaratdı. Həmin vaxt Ağ Evə demorkatlar sahiblik edirdi, lakin Heydər Əliyevin respublikaçı Buşla səmimi görüşü, hətta evində qonaq olması da maraqlı məqam idi. Həmin illər beynəlxalq müstəvidə Qarabağ məsələsi ətrafında balansın Azərbaycanın xeyrinə dəyişməyə başlandığı dövr kimi qiymətləndirilir. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan iddia edir ki, balansın dəyişməsi Texas lobbisinin dəstəyi ilə mümkün oldu. Texasda respublikaçıların üstünlük təşkil etməsi amili də maraqlı detaldır.Respublikaçı (oğul) Buşun prezidentliyi dövründə Bakı-Vaşinqton münasibətləri kifayət qədər müsbət olub. Burada 2001-ci ildən sonra ABŞ-nin “terror təhlükəsi”nə qarşı başladığı şərq ekspedisiyası həlledici amil olsa da, Vaşinqtonun xarici maraqlarının həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq xəttini seçdiyi faktdır.Demokrat Obamanın dövründə Bakı-Vaşinqton münasibətlərində “soyuq küləklər” daha çox müşahidə edilib. Bu, müəyyən mənada başı “ərəb baharına” qarışan Obama Administrasiyasının Cənubi Qafqaza daha az diqqət ayırmasından da qaynaqlanırdı”.

 

Şərhçinin sözlərinə görə, Trampın prezidentliyi dövründə Azərbaycanla münasibətlər normal məcrada davam etdiyi halda, Baydenin gəlişindən sonra dalğalı olub:

 

“Trampın Qarabağdan gedən ermənilərlə bağlı “120 min xristian dəhşətli şəkildə təqib edilib” açıqlaması bu obrazla bağlı fikirləri qarışdırsa da, bunun daha çox seçki mübarizəsinin elementi olduğu aydın görünür. Bu həm ABŞ-də əsasən demokratların namizədini dəstəkləyən erməni icmasının səsinə “elçi” düşmək, həm də Harrisin səslərini azaltmaq üçün xristianlıq kartından istifadə etməyə hesablanıb. Trampın seçiləcəyi təqdirdə, erməni maraqlarını prioritet tutacağını isə demək çətindir. 2017-2021-ci illərdə - Trampın prezidentliyi dövründə ABŞ-də erməni diasporu/lobbisinin çətin vəziyyətə düşməsi də bu fikri gücləndirir.2017-ci ildə erməni diasporu Trampın qəbuluna düşməkdə ciddi çətinliklə üzləşmişdi, hətta həmin vaxt Ermənistan Prezidenti Serj Sarkisyanın zənglərinə də Ağ Evdə cavab verilmədiyi haqqında məlumatlar vardı. Trampın gəlişindən dərhal sonra Qarabağdakı separatçılara mina təmizləmə adı altında ayrılan maliyyə ilə bağlı tədqiqat başlanılmışdı.  Daha sonra separatçılara ayrılan maliyyə vəsaitinin ixtisar edilməsi haqqında qərar qəbul olundu.  Seçki mübarizəsində erməni diasporunun Trampa qarşı çıxması da bundan qaynaqlanır. Ağ Evdə mövcud administrasiyanın Cənubi Qafqazda Ermənistanı platforma kimi görməsi də maraqlarının təmin edilməsində hansı tərəfi seçdiyinin nümunəsidir”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR