Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri ilə bağlı qanun QƏBUL EDİLDİ

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Büdcə sistemi haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.
Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunur. Bələdiyyə büdcəsinin xərcləri həmin infotmasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva