"TUSAŞ-ın seçilməsinin həm də simvolik mənası var, terroru PKK tək törətməyib..."

“Ankarada baş verən hadisə əvvəldən planlaşdırılan, ciddi terror həmləsi olaraq qəbul edilməlidir”.
Bunu Sfera.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, məkan olaraq paytaxtın, eləcə də burada yerləşən Türkiyə Aerokosmik Sənayesinin (TUSAŞ) seçilməsi təsadüf hesab oluna bilməz:
“Türkiyənin hərbi sənayesinin, xüsusilə hava qüvvələrinin son illərdə sürətli inkişafı heç də regionda marağı olan qüvvələri razı salmır. Əslində terror həmləsinin hədəfi olaraq məhz adıçəkilən məkanın seçilməsi həm də bir mesajdır. Digər məqam terror hadisəsinin PKK ilə bağlı ciddi müzakirələrin getdiyi günlərə təsadüf etməsidir. Öcalanın TBMM-də çıxışı ilə bağlı təklifin ciddi şəkildə müzakirə edildiyi bir zamanda baş verməsi, həm də hazırda tez-tez səsləndirilən “PKK Türkiyədə bitib” arqumentinə bəlli qüvvələrin reaksiyasıdır. Bu hücum eyni zamanda mövcud təşəbbüslərə qarşı da bir mesaj olaraq nəzərdən keçirilməlidir”.
Ekspertin fikrincə, son günlərdə PKK-ya qarşı Türkiyənin aktiv hərbi əməliyyatlar aparması digər önəmli məqamlardandır:
“Faktiki olaraq Qərbin layihəsi olan “kürd zolağı”na qarşı İraq və Suriyanın şimalında aparılan bu əməliyyatlar PKK, eləcə də onun bu ölkələrdə uzantıları olan YPG, PYD, PJAK-a ciddi zərbələr vurmaqdadır. Hədəf olaraq TUSAŞ kimi strateji müdafiə müəssisəsinin seçilməsi həm də simvolik məna daşıyır. Bu terror həmləsi ölkənin müdafiə sahəsindəki müvəffəqiyyətlərini hədəf almaq və ya zədələmək məqsədi güdə bilər. Lakin hücumun tək PKK tərəfindən planlaşdırılması da az inandırıcıdır. Burada hazırda Yaxın Şərqdə gedən ciddi proseslər fonunda Türkiyəni daxildən zəiflətməyi qarşısına məqsəd qoyan xarici xüsusi xidmət orqanlarının da iştirakı istisna edilə bilməz”.
Günay