İsrailin müdafiə naziri ABŞ-yə səfərini niyə təxirə salıb? - “WSJ”-nin ŞƏRHİ
İsrailin müdafiə naziri Yoav Qalant oktyabrın 9-da ABŞ-yə planlaşdırılan səfərini təxirə salıb.
Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yəhudi dövlətinin rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, buna səbəb İsrailin son raket hücumuna cavab olaraq İrana qarşı əməliyyat planlaşdırmasıdır. İddialara görə, Qalantın səfərini təxirə salmaq qərarı İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən verilib.
Eyni zamanda, nəşrin Amerika administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Vaşinqtonda hələ də İsrailin İrana mümkün zərbəsinin vaxtı və hədəfləri barədə məlumat yoxdur.
“Ağ Ev yəhudi dövlətini münaqişənin miqyasının regional müharibə vəziyyətinə keçməsi riski səbəbindən İranın neft və ya nüvə obyektlərinə zərbə endirməməyə çağırır. İndi ABŞ hakimiyyəti ümid edir ki, İrana zərbə endirməklə bağlı baş verənlərə daha aktiv müdaxilə edə bilmək üçün vaxtında və dolğun məlumat əldə edəcək".
Digər tərəfdən, dünən Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı bununla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ABŞ Müdafiə Departamentinin ("Pentaqon") rəhbəri Lloyd Ostin hələ də tezliklə israilli həmkarı ilə görüş keçirməyi gözləyir. “Səfərin təxirə salınması iki dövlət arasında İranın hücumuna mümkün cavabla bağlı danışıqların gedişinə təsir edəcəkmi” sualını isə Sinq belə cavablandırıb: “Biz İsrailin əməliyyatları ilə bağlı şərh vermək niyyətində deyilik”.
Qeyd edək ki, ABŞ və İsrail müdafiə nazirlərinin oktyabrın 9-da Pentaqonda görüşü planlaşdırılmışdı. Burada tərəflər Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə etməyi düşünürdülər.
Günay