""Sanksiyalar tələb edilir" görüntüsü yaradaraq..." - ABŞ-nin Azərbaycanla bağlı planı nədir?

""Sanksiyalar tələb edilir" görüntüsü yaradaraq..." - ABŞ-nin Azərbaycanla bağlı planı nədir?

Xəbər verdiyimiz kimi, 60-a yaxın amerikalı konqresmen və senator ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən addım hər iki ölkə arasında əlaqələrə zərbə vurur.

 

Onun sözlərinə görə, əgər ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirirsə, bu müraciətə mənfi cavab verməlidir:

 

“Vaşinqtonun Azərbaycan siyasəti erməni lobbisinin təsiri ilə qurulursa, bu, onun region siyasətinə də mənfi təsir edəcək. Təəssüf ki, bir çox illərdə Vaşinqtonun Azərbaycanla bağlı siyasəti erməni lobbisinin təsiri ilə formalaşıb.  ABŞ yeni dünya nizamında Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətini məhz Azərbaycanla sıx əməkdaşlıq əsasında davam etdirməyi planlaşdırır. Belə olan təqdirdə, Azərbaycana qarşı sanksiya çağırışı absurddur. Vaşinqton rəsmi Bakı ilə əlaqələrə seçkilərdən sonra yenidən baxmaq zərurətində olacaq”.

 

Digər ekspert, siyasi şərhçi Asif Nərimanlı isə mövzu ilə bağlı qeyd edib ki, ABŞ-nin Cənubi Qafqazda mövqelərini gücləndirmək, xüsusilə Orta dəhlizi nəzarətə götürmək planı sirr deyil:

 

“Bu planda onların Bakıdan iki mümkün istəkləri var. Birincisi, Zəngəzur dəhlizindən imtina və Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsinin qəbul edilməsidir. Bu, Ermənistanın nəqliyyat dəhlizlərində ciddi pay qazanmasını təmin edəcək və mövqelərini gücləndirəcək, Azərbaycanın mövqelərini zəiflədəcək amildir. İkincisi, COP-29-a qədər Paşinyanın istədiyi kimi, sülh sazişi layihəsində razılaşdırılmamış maddələri kənara qoymaq və razılaşdırılan maddələr üzrə müqavilənin imzalanmasıdır. ABŞ bununla “sülhə” nail olmaq və bölgədəki planlarını həyata keçirməyə çalışır. Bu baxımdan istisna deyil ki, Dövlət Departamenti “qanunvericilər bizdən Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edir” görüntüsü yaradaraq, bundan öz tələblərinin qəbulu üçün Bakıya təzyiq rıçağı kimi istifadə etməyə çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR