Həmkarlar İttifaqı COP29-la bağlı işinə fasilə verilən üzvlərini rayonlara istirahətə göndərə bilər - TƏKLİF
2024-cü ilin noyabrın 11-dən 24-dək Bakıda COP29 (“Conference of the Parties” (Tərəflərin Konfransı)) beynəlxalq tədbiri keçiriləcək. Bu tədbir iştirakçıların sayına görə əvvəlkilərdən xeyli fərqlənəcək. Noyabrda keçiriləcək böyük beynəlxalq konfransa 170-dən çox ölkədən 70-80 min qonağın gəlməsi gözlənilir.
Sfera.az bildirir ki, Bakıda ilk dəfə belə böyük tədbirin keçirilməsi hökuməti şəhərdə insan aktivliyini tənzimləmək üçün bəzi addımların atılmasına məcbur edib.
Bakıda həm əhali sıxlığının artacağını, həm də xarici qonaqların çox olacağını nəzərə alaraq, tədbirin keçiriləcəyi müddətdə təhsil, inzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarəetməsi sahələrində çalışanların iş rejimi ilə bağlı bəzi dəyişiklik olunub. İki həftə ərzində orta məktəblərdə tədrisdə fasilə olacaq, ali və orta ixtisas təhsili müəssisələrində təhsil distant formada həyata keçiriləcək. İnzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarəetməsi sahələrində çalışanların isə yalnız 30 faizi işə çıxacaq.
Bu tədbirlərin görülməsində məqsəd iki həftə ərzində Bakı şəhərində əhali sıxlığının azaldılması, paytaxtda təhlükəsizlik tədbirlərinin daha səmərəli təşkilidir.
COP29 konfransının yaratdığı yeni vəziyyətə uyğun olaraq Bakıda insan aktivliyinin tənzimlənməsi üçün digər imkanlardan da istifadə etmək olar. Belə imkanlardan biri də həmkarlar təşkilatlarının fəaliyyətidir. Həmkarlar təşkilatlarının imkanlarından istifadə etməklə Bakıda COP29 tədbiri zamanı əhali sıxlığının azaldılmasına nail olmaq mümkündür. Məlumdur ki, Azərbaycanda həmkarkar təşkilatlarının yüzminlərlə üzvü var. Bu üzvlərin əksəriyyəti Bakıda çalışır. Hər il həmkarlar təşkilatları həm özlərinə aid olan, həm də digər şəxslərə məxsus olan istirahət və turizm mərkəzlərində işçilərin istirahətini təşkil edir, onları maliyyələşdirir. Həmkarların xətti ilə istirahətə gedən şəxslərin əksəriyyəti məhz bölgələrə göndərilir, burada olan mehmanxanalarda yerləşdirilir. Qaydalara uyğun olaraq istirahət və turizm mərkəzlərində yerləşən şəxslərin xərclərinin bir hissəsi və ya tamamı məhz həmkarlar təşkilatları tərəfindən ödənilir.
Həmkarların xətti ilə istirahətə gedən işçilər adətən yay aylarında bu imkanlardan istifadə edirlər. Amma COP29 tədbiri zamanı Bakıda insan aktivliyi ilə bağlı xüsusi vəziyyətin yaranacağını nəzərə alaraq, həmkarların xətti ilə istirahətə getmək istəyənlərin bölgələrə turist səfərlərinin bir hissəsini məhz noyabr ayına salmaq olar. Bu hal onların da fəaliyyətinə çətinlik yaratmayacaq. Onsuz da həmkarlar təşkilatları hər il bölgələrdə yerləşən otellərə üzvlərinin istirahəti üçün böyük məbləğdə pul ödəyir. Yaxşı olardı ki, COP 29 tədbirinin davam etdiyi müddətdə iş yerləri tam və ya qismən bağlanacaq təşkilatların işçilərinin həmkarlar təşkilatlarının vasitəsilə bölgələrdə bir neçə günlük istirahəti təşkil edilsin. Bu yolla COP29 zamanı paytaxtda gərginliyi azaltmağa az da olsa kömək etmək olar.
Bunun üçün Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının və digər ittifaqların imkanlarından istifadə etmək olar. Yalnız Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 300 mindən çox üzvü var. Hər il təhsil işçiləri əmək haqlarının 2 faizini həmkarlar təşkilatlarına ödəyirlər. Təhsil işçilərinin orta əməkhaqqını nəzərə alsaq, məlum olur ki, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ay ərzində 5 milyon manata, il ərzində isə 60 milyon manata yaxın üzvlük haqqı toplayır. Bu vəsaitlərin böyük hissəsi məhz təhsil işçilərinin güzəştli şərtlərlə bölgələrdə istirahətinə yönəldilir.
Adətən yay aylarında istifadə edilən bu vəsaitlərin bir hissəsi COP29 dövründə istifadə etməklə məzuniyyətdə olacaq təhsil işçilərinin bölgələrdə istirahətini təşkil etmək, Bakıda insan sıxlığını azaltmaq mümkündür.
Vasif