Vidadi İsgəndərlinin qətlini Fransanın xüsusi xidmət orqanları planlayıb - MƏQSƏD AZƏRBAYCANA...
İstənilən qalmaqallı qətldən dərhal sonra qatil(lər) məlum deyilsə, ortaya belə bir sual çıxır: “Bu qətl kimə sərf edirdi”? Kriminalistlər bu sualla yola çıxır və mənzil başına doğru irəliləyirlər. Çox nadir hallarda bu yol uğursuzluqla nəticələnir.
Vidadi İsgəndərlinin qətlə yetirilməsindən sonra Fransada, bu ölkənin mətbuatında qoparılan ajiotaj yuxarıdakı sualın cavab variantlarından biri kimi görünür. Fransa mediası, qeyri-hökumət və hökumət strukturları sanki bu hadisənin baş verəcəyini gözləyirmişlər ki, Azərbaycana qarşı çoxdan başlatdıqları qara piar kampaniyasını yeni dalğa ilə davam etdirsinlər.
Bu halda düşünməyə ehtiyac var: Azərbaycanda kimlərsə öz ölkəsinə qarşı iyrənc kampaniya aparan birinin susdurlmasını vacib sayırdılarsa, bunu 5-6 ay öncə, yaxud 5-6 sonra etməliydilər. Niyə məhz COP29 kimi böyük bir tədbirin başlanması ərəfəsində edirdilər?
Hər kəs görür, müşahidə edir ki, Azərbaycan hakimiyyəti bu ərəfələrdə suyu üfürə-üfürə içir, hətta aqressor ermənilərlə pişim-pişimlə davranır ki, böyük beynəlxalq tədbirin yüksək səviyyədə baş tutması planında hər hansı bir axsaqlıq olmasın. Bu halda danışığı ilə özünü cəmiyyətin gözündən salmış, daima cığallıq edən biri kimi tanınan bir tənqidçinin öldürülməsi iqtidar komandasının marağında qətiyyən ola bilməzdi. Çünki hər kəs anlayır ki, ilk şübhə yeri məhz İsgəndərlinin hücum etdiyi dairələr olacaq və bu, sonsuz başağrısı deməkdir.
Əksinə, Azərbaycanı istəməyən, onunla düşmənçilik və intirqa aparan dairələrin aylardan bəri götürdükləri kurs COP29-un arzuolunan səviyyədə alınmaması, başqa ölkələr, xüsusilə də qüdrətli dövlətlər tərəfindən boykot olunmasıdır. Budur, bunun üçün onlara bəhanə verilib. Hazır bir iddia dövriyyəyə buraxıldı: “Azərbaycan demokratik ölkə deyil, öz tənqidçilərini öldürür, demək, Bakıya getmək lazım deyil”...
Bu, törədilmiş cinayət kələfinin çözülməsi üçün ən güclü ipucudur. Amma çətin ki, Fransa kriminalistləri bu ipucundan yapışalar...
Əgər bu hadisə Azərbaycanda baş versəydi və qatillər nəinki isti izlə, ümumiyyətlə, bir müddət tapılmasaydı, o zaman Azərbaycanın hüquq-mühafizə orqanlarını qınamağa, hətta cinayəti ört-basdır etməyə çalışmaqda ittiham etməyə əsas olardı.
Ancaq cinayət Fransada baş verib və bu ölkənin hüquq-mühafizə orqanları qətlin icraçılarını tapmalıdırlar və onların vasitəsilə sifarişçilərə çıxmalıdırlar.
Ortalıqda heç nə, heç bir dəlil-sübut yoxkən, başqa bir dövlətin rəsmilərini suçlamaq təqsirsizlik prezumpsiyasına, beynəlxalq hüquq normalarına, siyasi əxlaqa ziddir. Üstəlik, ümumiyyətlə, ciddi ittiham sayıla bilməz.
Müasir izləmə, qeydəalma texnologiyaları o qədər inkişaf edib ki, fransız kriminalistlər onların vasitəsilə cinayətdə əli, rolu olanları çoxdan tapmalıydılar. Necə olur, hansısa bankomatı, marketi soymağa çalışan maskalı birini bir saatın içində tapıb-tuturlar, o boyda cinayəti törədənləri tapmaq olmur?
Klassik təhqiqatçıların təsdiqləməsinə görə, heç bir ağır cinayətin, xüsusilə də qətlin izsiz həyata keçirilməsi mümkün deyil. Mütləq hadisə yerində nəsə bir iz qalır və onun vasitəsilə qatil(lər)i tapmaq mümkün olur. Yayılmış rəsmi informasiyaya görə, V.İsgəndərliyə 3 nəfər hücum edib və o, hadisədən sonra bir müddət sağ olub. Demək, hansısa izlər qalıb və fransız kriminalistlər onların üzərində işləyərək bir nəticəyə nail olmalıdırlar.
Yox, əgər onlar hələ istintaqa başlamadan bəzi dairələr siyasi ittihamlarla çıxış edirlərsə, burada Fransanın totemi olan xoruzun quyruğu görünür.
Fransa elə ölkədir ki, tarixən öz məqsədinə çatmaq üçün ən çirkin, ən iyrənc vasitələrə qoy qoyub. Ümumiyyətlə, qüdrətli dövlətlərin çoxu lazım bildikləri anda “məqsəd vasitəyə haqq qazandırır” tezisinə əl atırlar.
Bu baxımdan Vidadi İsgəndərlinin qatillərini elə Fransada axtarmaq lazımdır. Zatən, onlar onsuz da oradadırlar.
Beləliklə, qalmaqallı qətlə dair versiyalardan biri də onun Fransanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilməsidir. Ortada motiv də var: Qərb, xüsusilə də Fransa Azərbaycana qarşı hibrid müharibəsi aparır. Bu ölkə uzun illərdir xaricdəki “söyüş müxalifəti”ni himayə edir, onun donorlarından biridir. Bu dövlət “savaş”da istifadə etdiyi “əsgər”ləri qorumalı deyildimi? Bu adamlar 7/24 Fransanın xüsusi xidmət orqanlarının nəzarəti altında olmamalıydılarmı? Belədirsə, onlara kim yaxın düşə bilərdi? Özlərindən başqa... İndi bütün bunları kim araşdıracaq?
V.İsgəndərlinin, eləcə də onun kimi davranan şəxslərin bu yöndəki fəaliyyəti çoxdan başlanıb. Nə birinci ildir, nə də ikinci, üçüncü. Ancaq fakt budur ki, Azərbaycanda heç vaxt bu tip təhqirlərə ciddi əhəmiyyət verilməyib. Hakimiyyət ən azı son 5 ildir ki, bu prosesi iqnor edir, o adamlara heç bir cavab vermir, onların Azərbaycandakı yaxınlarına güldən ağır söz demir. Bu müddət ərzində əlində olan geniş imkanlara baxmayaraq, dövlət tərəfindən Avropadakı söyüş müxalifətindən kiməsə qarşı hər hansı bir addım atılmayıb. COP29 ərəfəsində isə belə bir addım atmaq öz ayağına balta vurmaq kimi bir şey olardı.
Ona görə də tam əsasla yazırıq ki, Vidadi İsgəndərlinin öldürülməsi COP29 ərəfəsində Azərbaycanın imicinə zərbə vurmaq və onun beynəlxalq arenada mövqeyini zəiflətmək məqsədi güdür. Prosesin, Azərbaycana qarşı qərəzli kampaniyaçılığın təhlili isə göstərir ki, bu cinayətin arxasında məhz Yelisey sarayı dayanır. Elə hadisənin baş verdiyi yer də Bakıdansa Yeliseyə çox yaxındır.
Gedişat bunu göstərir ki, maraqlı dairələr bir müddət sonra İsgəndərlinin qətlini səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə paralel kimi ortaya atacaq, xüsusi və qərəzli ssenarilər tərtib edəcəklər. Məqsəd bu hadisənin gələcəkdə daha geniş rezonans doğuracağını təmin erməkdir.
Qərbin Azərbaycanın müstəqil siyasətinə qarşı apardığı hibrid müharibənin yeni mərhələsi kimi bu qətl hadisəsi, geopolitik oyunların nə qədər mürəkkəb olduğunu bir daha nümayiş etdirir.
Fransa və onun müttəfiqləri tərəfindən himayə olunan xarici müxalifət qruplarının fəaliyyəti, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə yönəlmiş planların bir parçasıdır. COP29 öncəsi baş verən bu hadisə, Qərbin Azərbaycana qarşı təzyiq vasitələrindən biri kimi görünür və hədəf olaraq ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq məqsədi daşıyır.
Son nəticədə, Vidadi İsgəndərlinin qətli yalnız onun şəxsi müxalifət fəaliyyəti ilə bağlı deyil, daha geniş bir geopolitik mübarizənin və Fransa ilə Qərbin Azərbaycana qarşı apardığı hibrid müharibənin təzahürüdür.
Tahir Aydın, araşdırmaçı jurnalist