"Avropa Çinlə ticarət müharibəsinin astanasındadır" - ŞƏRH
Avropa ticarət müharibəsinin astanasındadır.
Sfera.az xəbər veri ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Almaniya Çinlə ticarət müharibəsinə səbəb ola biləcəyindən ehtiyat etdiyi üçün Çinin elektrikli avtomobillərinə kütləvi tarif artımına qərar verməyə risk etmir. Buna baxmayaraq, Avropa İttifaqına üzv dövlətlərin bir qismi fərqli qərar verməyə hazırlaşır:
“Avropa İttifaqı əhalisinin təxminən 39 faizini təşkil edən Fransa, Yunanıstan, İtaliya və Polşa tariflərin artırılmasının tərəfdarıdırlar. Brüssel Çinin elektrikli avtomobillərinə tariflərin 45 faizə qədər qaldırılmasının tərəfdarıdır. ABŞ və Kanada Çinin elektrikli avtomobillərinə 100 faizlik tarif müəyyənləşdirib”.
E.Şahinoğlu qeyd edib ki, avropalı analitiklərin fikrincə, Çinin elektrik avtomobillərinin istehsalı sənayesinə verdiyi subsidiyalarla bağlı Pekinin Brüssellə danışıqlara ehtiyac var:
“Almaniyaya səfər edən Fransa Prezidenti Emmanuel Makron Çinin subsidiyalarını “dözülməz” adlandırıb. Makronla Berlində görüşən kansler Olaf Şolts fərqli düşünür. O, Çinlə danışıqların davam etdirilməsinin tərəfdarıdır. Kanslerin fikrincə, tariflərin artırılması dünya ticarətində qeyri-müəyyənlik yaradacaq. Buna baxmayaraq, Şolts da digər Avropa liderləri kimi Çində istehsal edilən avtomobillərə dövlət subsidiyalarının ayrılmasının doğru olmadığı qənatindədir. Çünki bu halda Avropa istehsalçıları Çin istehsalçıları ilə rəqabətdə geri qalır və bu Avropada avtomobil istehsalına mənfi təsir edir. Misal üçün Almaniyadakı avtomobil şirkətlərinin bir qismi istehsalın azalması və işçilərin bir qisminin ixtisarını planlaşdırırlar”.
“Çünki Almaniya və digər Avropa dövlətləri Çində istehsal olunan avtomobillərə yüksək tariflər tətbiq edərlərsə, Çin də eyni ilə Avropada istehsal olunan avtomobillərə yüksək tariflər tətbiq edəcək. Almaniyanın avtomobil sənayesinin Çin bazarındakı satışlardan asılılığı var. Almaniyanın maliyyə naziri Kristian Lindner bu haqda fikrini belə ifadə edib: “Çin ilə ticarət müharibəsi bizə Avropanın əsas sənayesi və Almaniyanın mühüm sektoru üçün xeyirdən çox zərər verəcək”. Berlin ehtiyat edir ki, Pekin Almaniyadan Çinə ixrac olunan kənd təsərrüfatı məhsullarına da tariflər tətbiq edə bilər. Bu arada, Çinin ticarət naziri Vanq Ventao sentyabrın sonunda Avropaya səfər edərək müxtəlif görüşlər keçirib. Danışıqlar zamanı Çin tərəfi minimum idxal qiymətinin müəyyən edilməsini təklif etsə də, Avropa tərəfi bundan imtina edib” - politoloq bildirib.
Firuzə Əliyeva