İran “Hizbullah” liderliyinə niyə Naimi yox, Haşemi seçdi? - ŞƏRH

İran “Hizbullah” liderliyinə niyə Naimi yox, Haşemi seçdi? - ŞƏRH

“Hizbullah” hərəkatına yeni lider təyin edilib. Belə ki, yeni baş katib postuna Haşem Safi ad-Din seçilib.  O, sentyabrın 27-də Beyruta aviazərbələr nəticəsində ölən “Hizbullah” lideri Həsən Nəsrullahın yaxın qohumudur. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Həsən Nəsrullah sağ olarkən iki şəxs arasında liderlik uğrunda rəqabət gedirdi. Bunlar Haşem Safi ad-Din və Naim Qasım idi:

 

“Haşem Nəsrullahın əmisi oğludur. İranda dini təhsil alıb, Tehran tərəfindən dəstəklənir. O, general Qasım Süleymaninin də qızını alaraq bu dəstəyi daha da gücləndirib. Təşkilatın icraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. Onun baş katib seçilməsi “Hizbullah” daxilindəki ərəb millətçiliyinin əriməsinə və bu qurumun tamamilə İranın alt qrupu olaraq fəaliyyət göstərməsinə səbəb olacaq”.

 

Z.Əmrəliyev qeyd edib ki, 33 ildir baş katibin müavini olan Naim Qasım isə təşkilatın ideoloji mübarizəsinə, əsgər hazırlıqlarına, dini və hərbi məktəblərinə nəzarət edir:

 

“Naim Qasım həm də “Hizbullah”ın Livan parlamentindəki rəhbəridir. O, “Hizbullah”ın qurucularından biridir, hələ Nəsrullah baş katib seçilməmişdən təşkilatın ikinci adamı, baş katibin müavini idi. İsrail dəfələrlə onu öldürməyə cəhd etsə də, alındıra bilməyib. Təşkilatın əsas gücü də elə onun əlindədir. Naim Qasımın həm Livanda, həm də ətraf ölkələrdə nüfuzu çoxdur. Onun baş katib seçilməsi “Hizbullah”a güc qata bilərdi. Lakin İran buna imkan vermədi, sükan arxasına öz adamını oturtdu. Görünür, İran “Hizbullah”ın çox da güclənib özbaşına hərəkət etməsində maraqlı deyil”.

 

Xatırladaq ki, “Hizbullah” hərəkatının Mətbuat xidməti Həsən Nəsrullahın İsrail ordusunun endirdiyi aviazərbələr nəticəsində həlak olduğunu təsdiq edib.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR