"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib.

 

Belə ki, bu gün XRİTDX, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. İmzalama bu gün keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransı çərçivəsində baş tutub. Memorandumda Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinin yaradılması da nəzərdə tutulub. 

 

O.Gündüz bildirib ki, indiyədək kiberdiplomatiya sahəsində ABŞ, Çin, Rusiya, İsrail, Rumıniya, Estoniya və s. kimi ölkələr söz sahibi olub:

 

“Ötən il XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə regional təmsilçilik Azərbaycana verilib. Artıq adı çəkilən Tvinninq Mərkəzində ölkəmizdə kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqəsdilə təlimlər təşkil olunacaq.

 

Tvinninq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur. Beynəlxalq təlimçilər bu prosesə cəlb olunacaq. Həm yerli, həm də beynəlxalq diplomatlar, kibersəfirlər bu təlimlərdə və tədqiqatlarda iştirak edəcəklər. “ICI Buxarest” də Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək”.

 

AİF prezidenti xatırladıb ki, Rumıniya kiberdiplomatiya və kibertəhlükəsizlik sahəsində fəal iştirak edən ölkələrdən biridir:

 

“Rumıniya, xüsusilə NATO və Avropa Birliyi çərçivəsində bu sahədə əhəmiyyətli rol oynayır. Ölkə NATO-nun kibermüdafiə sahəsində strateji tərəfdaşlarından biri kimi çıxış edir. Bu baxımdan düşünürəm ki, kiberdiplomatiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanın Rumıniya ilə əməkdaşlığı həm ölkədə bu sektorun inkişafına, həm də Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR