Gələn il bu şəxslərin maaşı ARTIRILACAQ - Millət vəkili AÇIQLADI
Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.
Bəs minimum əməkhaqqında gözlənilən artım kimlərə şamil olunacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirdi ki, artım sadəcə aşağı maaş alanları deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqı alanları əhatə edəcək:
“Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişkliyə uyğunlaşdırılaraq artırılır. İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının gözlənilən artımı paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır”.
Millət vəkilinin sözlərinə görə, gözlənilən artımlar özəl sektoru da əhatə edir:
“Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əməkhaqqı artımları mülkiyyət növündən asılı olmayaraq, bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əməkhaqqı məbləğindan aşağı maaş ödənilə bilməz”.
Firuzə Əliyeva