"Millətimizin vəkili olmaqdan böyük qürur hissi keçirirəm"
Bu gün Möhtərəm, Cənab Prezident İlham Əliyevin iştirakı ilə VII çağırış Milli Məclisin ilk yığıncağı keçirildi. Yığıncaqda Cənab Prezident İlham Əliyev dövlətimizin qarşısında duran vəzifələr üzərində geniş dayandı, onun təhlilini verdi və hədəflərini müəyyənləşdirdi.
Yığıncağında, eyni zamanda Milli Məclisin rəhbərliyi də seçildi. Mən fürsətdən istifadə edərək, VII çağırış Milli Məclisə keçirilən seçkilərdə xalqımızın etimadını qazanan bütün həmkarlarımı və Parlametin yeni rəhbərliyini təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.
Əziz və dəyərli seçicilərim!
1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasında keçirilən Milli Məclisə seçkilərlə bağlı imza toplama və təbliğat-təşviqat prosesində Sizlərlə keçirdiyim görüşlərdə ağsaqqal və ağbirçəklərdən, şəhidlərimizin valideynlərindən, ziyalılardan, hər birinizdən aldığım xeyir-duaya, isti və doğma münasibətə, yüksək dəstəyə, böyük etimada və inama görə Sizlərə təşəkkürümü bildirir, minnətdarlığımı yetirirəm.
İstər seçicilərim, istərsə də müxtəlif regionlarda yaşayan insanlar tərəfindən aldığım xoşməramlı ismarıc müəlliflərinə, sosial şəbəkələrdə dəstəklərini məndən əsirgəməyən soydaşlarımıza da səmimi təşəkkürümü bildirirəm.
Ölkəmizdə demokratik seçki mühiti yaradan Möhtərəm Cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirir, güclü, yenilməz, qalib dövlətin təməlini qoyan və bizlərə dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmək nümunəsini ərmağan edən Ulu Öndərimiz Heydər Əliyevin ruhu qarşısında baş əyir və onun memarı olduğu müasir Azərbaycan dövlətinin vətəndaşı, millətimizin vəkili olmaqdan böyük qürur hissi keçirirəm.
Dəyərli seçicilərim!
Bir daha mənə göstərdiyiniz yüksək etimada görə hər birinizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Allaha əmanət olun!
Sizin Günay Ağamalı.