Rusiya Özbəkistanda AES inşa edir, Bakıya da təklif edəcək? - ŞƏRH

Rusiya Özbəkistanda AES inşa edir, Bakıya da təklif edəcək? - ŞƏRH

Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana son səfər zamanı imzalanıb.

 

Sfera.az bildirir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin şərhində qeyd olunub.

 

Bildirilib ki, atom elektrik stansiyasının tikintisini Özbəkistan maliyyələşdirəcək.

 

““Rosatom”un rəhbəri Aleksey Lixaçov tikintiyə vaxt itirmədən başlayacaqlarını qeyd edib. Rusiya şirkətinin Özbəkistanda tikintini sürətləndirməsinin səbəbi aydındır. “Rosatom” bu tikintini yekunlaşdırıb Daşkəndlə növbəti müqavilə imzalamaq istəyir. Özbəkistanın 2050-ci il üçün enerji tələbatı indikindən iki dəfə artacaq. Atom elektrik stansiyasının ilk reaktoru 2029-cu ildə işə başlayacaq. Başqa dövlətlərin müvafiq şirkətlərinin də Özbəkistanda atom elektrik stansiyası inşa etməyə marağı var.

 

“Rosatom” Özbəkistanla yanaşı, Qazaxıstanda da atom elektrik stansiyası inşa etmək istəyir. Qazaxıstan prezidenti isə ölkədə atom elektrik stansiyasının tikintisi qərarını təkbaşına vermək istəmir. Bu, məsuliyyətli qərardır. Ona görə də, Tokayev Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı məsələni ümumxalq referendumuna çıxarıb. Referendum bu ilin 6 oktyabr tarixində keçiriləcək. Qazaxıstanda atom elektrik stansiyasının tikintisinə Fransa, Çin, Cənubi Koreya şirkətləri də maraq göstərir, ancaq tikintinin “Rosatom” şirkətinə həvalə ediləcəyi ehtimalı yüksəkdir”.

 

Mərkəzin məlumatında qeyd olunub ki, Rusiyanın “Rosatom” şirkəti eyni təklifi rəsmi Bakıya da edə bilər: 

 

“Azərbaycan hələ ki, alternativ enerji istehsalına üstünlük verir və bu istiqamətdə layihələr reallaşdırır. Bununla yanaşı, əsas hədəflərdən biri Azərbaycandan Avropaya enerji ixracının artırılmasıdır. “Rosatom” şirkətinin rəhbərləri müxtəlif illərdə Azərbaycan rəsmiləri ilə görüşüblər. Bu görüşlərdə əsasən Azərbaycanda nüvə elmlərinin, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi mövzuları müzakirə olunub. Aydındır ki, bir gün Azərbaycan atom elektrik stansiyasının inşasına maraq göstərərsə, Türkiyə, Özbəkistan və Qazaxıstanda olduğu kimi əsas iddialı şirkət “Rosatom” olacaq”.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR