Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Suverenliyimizin bərpası bir çoxlarına ümid mesajıdır

Azərbaycanı qərəzli şəkildə hədəfə alan ikili standartlar siyasəti son vaxtlar daha da eybəcərləşib. Əgər işğal dövründə ölkəmizə qarşı etdikləri ayrı-seçkiliyi hansısa formada gizlətməyə çalışırdılarsa, indi bəzi dairələr buna heç ehtiyac da duymurlar. Artıq cəmiyyətimiz üçün sirr deyil ki, vaxtilə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında ədalətsiz şəkildə bərabərlik işarəsi qoyan güc mərkəzlərinin yeganə məqsədi Ermənistana dəstək vermək və işğalın nəticələrini rəsmiləşdirməklə bağlı idi. Həmin mərkəzlərin riyakarlığı bu gün elə iyrənc həddə çatıb ki, Azərbaycan beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin tələblərinə tam uyğun olaraq ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra da bəzi dairələr sakitləşə bilmir, yürütdükləri ayrı-seçkilik siyasəti ilə yalnız ölkəmizi deyil, bütövlükdə dünya nizamını daha böyük ölçüdə təhdid edirlər.

 

Vətən müharibəsindən sonra AŞPA və Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilərkən etnik və dini təəssübkeşlik kimi cahil arqumentlərin önə çəkilməsi artıq cəmiyyətimizdə ikrah hissi doğurur. Təsəvvür edilməsi nə qədər çətin olsa da, reallıq belədir ki,  “Azərbaycan xristian erməni qardaşlarımıza qarşı müharibə açıb, biz onları tək qoymamalıyıq” kimi sərsəm çağırışlar XXl əsrdə ədalətə və beynəlxalq hüquqa xidmət etməli olan bəzi siyasətçilərin və onların fəaliyyət göstərdiyi ayrı-ayrı təşkilatların əsas leytmotivinə çevrilib. Əgər bunu sıradan bir-iki siyasətçi etmiş olsaydı, yaxud ölkəmizə qarşı qərəzli qətnamələr ayrı-ayrı təşkilatların adından qəbul edilməsəydi, bəlkə də baş verənlərə fokuslanmaya da bilərdik. Amma təhlükə ondadır ki, bu cür iyrənc ayrı-seçkilik siyasəti artıq sistemli və məqsədyönlü xarakter almaqdadır. Təhlükə həm də ondadır ki, daha çox yüksək vəzifə sahibləri, tanınmış siyasətçilər təhlükəli bölücülüyün daşıyıcısına çevriliblər.

 

Siyasi riyakarlığın ikrah doğuran tərəflərindən biri də budur ki, 28 il ərzində guya tərəfsiz vasitəçi olacağı vədini verən Fransa kimi ölkələr bu gün Ermənistanı hücum silahları ilə silahlandırmaqla məşğul olur. Sözdə sülhə çağırış edənlər militarizasiya siyasətini həyata keçirməklə, əslində, bitmiş münaqişənin közünü körükləyir, Cənubi Qafqaza Yaxın Şərqin acı taleyini yaşatmağa çalışırlar. Fransanın xarici işlər naziri  Stefan Sejurnenin bir neçə gün əvvəl Ermənistanda səsləndirdiyi fikirlər, o cümlədən ölkəsinin  Ermənistanı silahlandırmağa davam edəcəyinə dair birmənalı bəyanatı olduqca təhlükəli siyasi seçimin növbəti təsdiqi deməkdir. Çünki bu, Fransa prezidenti Emmanuel Makronun Vətən müharibəsinin ilk günlərində verdiyi “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan cəfəng bəyanatın davamı anlamına gəlir. Niderland Krallığının sentyabrın 13-də dərc olunmuş hökumət proqramında “Dağlıq Qarabağın Azərbaycan tərəfindən ələ keçirilməsi” kimi  ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan, beynəlxalq hüquqa açıq-aşkar zidd olan ifadənin yer alması isə onu göstərir ki, təhlükəli ayrı-seçkilik siyasəti artıq yeni müstəviyə keçid alıb. Ən acınacaqlısı odur ki, ABŞ Dövlət Departamenti beynəlxalq hüquqa söykənən sülhə çağırışlar etdiyi bir ərəfədə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adı altında qərəzli dinləmələr keçirilir və həmin dinləmələrdə artıq ləğv olunmuş qondarma separatçı rejimin üzdəniraq təmsilçilərinin iştirakına şərait yaradılır. Bu azmış kimi,  dinləmələr zamanı dini təəssübkeşliklə bağlı cahil arqumentlər yenidən xüsusi olaraq vurğulanır, “Artsax” ifadəsindən istifadəyə imkan verilməklə ölkəmizin suverenliyi növbəti dəfə şübhə altına alınır.

 

Dünya nizamını ciddi şəkildə təhdid edən ikili standartlar və ayrı-seçkilik siyasətinin ən təhlükəli tərəfi ondadır ki, bu cür bəyanat, proqram və dinləmələri utanmadan demokratiya və insan haqları kimi dəyərlərlə pərdələməyə, cahil arqumentlərə isə dünyəvilik görüntüsü verməyə çalışırlar. Prezident İlham Əliyev məhz bu cür siyasi riyakarlığı, ondan irəli gələn təhlükə və təhdidləri nəzərə alaraq, andiçmə mərasimində Azərbaycan cəmiyyəti ilə yanaşı, qardaş və dost ölkələrin xalqlarına, xüsusilə Türk dünyasına bu tarixi mesajı vermişdi: “Biz, -İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.

 

Anlaşılan odur ki, bəzi dairələr tarixi Zəfərimizlə hələ də barışmaq istəmirlər. Elə bu səbəbdən, ötən ilin sentyabrında həyata keçirdiyimiz antiterror tədbirinin legitimliyi də onların hədəfindədir. Baxmayaraq ki, nə Vətən müharibəsi, nə də antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu, Ermənistandan fərqli olaraq, mülki əhalini və mülki infrastrukturu hədəf seçmədi, humanitar hüquqa dönmədən əməl etdi. Bunu BMT kimi mötəbər təşkilatın müvafiq missiyaları dəfələrlə təsdiq edib, hətta Ermənistanın baş naziri N.Paşinyanın özü də bu gerçəkliyi ictimai şəkildə etiraf etmək məcburiyyətində qalıb. Lakin bəzi dairələr və onların təsiri altında olan ayrı-ayrı beynəlxalq təşkilatlar hələ də ölkəmizi qərəzli şəkildə etnik təmizləmədə ittiham etməyə çalışırlar. Milyona yaxın azərbaycanlı qaçqın və köçkünün acı taleyi İşğal dövründə olduğu kimi, bu gün də onları maraqlandırmır. Riyakarlıq və ayrı-seçkilik siyasəti həmin dairələrin gözünü o dərəcədə tutub ki, Xocalı soyqırımı da belələrini silkələmir. Suverenliyimizi bərpa etmək məqsədilə həyata keçirdiyimiz antiterror əməliyyatının legitimliyini şübhə altına almağa cəhd edənlər nəinki beynəlxalq hüququ gözdən salır, əslində, özləri-özlərini ifşa edirlər. Çoğrafiyalardan asılı olaraq  eyni mahiyyətli münaqişə və əməliyyatlara fərqli münasibət bəsləyən ölkə və təşkilatlar hələ də fərqində deyillər ki, yürütdükləri ayrı-seçkilik siyasəti bütövlükdə təhlükəsiz dünya nizamını təhdid etməkdədir. Elə bu səbəbdən, Prezident İlham Əliyev sentyabrın 6-da Çernobbio Forumundakı çıxışı zamanı üzləşdiyimiz acı gerçəkliklə bağlı dünya ictimaiyyətinə açıq mətnlə bu mesajı verdi: "Ötən ilin sentyabrında Azərbaycan torpağında separatçılığın kökü kəsildi. Biz bu gün Ukraynanın etməyə çalışdığından fərqli heç bir şey etməmişik”.

 

Utancverici bölücülük siyasəti artıq elə təhlükəli həddə çatıb ki, hətta Böyük Britaniyanın xarici işlər naziri  Devid Lemmi də bədxahlarımız tərəfindən tənqid atəşinə tutulur. Yalnız ona görə ki, o,  “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində həqiqətləri etiraf edərək bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad edib. Nazir Devid Lemminin həqiqəti deməsinə və bu zaman məhz beynəlxalq hüququ əsas tutmasına baxmayaraq, o, bəzilərinin pərdəarxası işarəsi ilə hədəfə çıxarılıb. Çünki həqiqəti ictimai şəkildə etiraf edib. 28 il ərzində Azərbaycana “münaqişənin hərbi həlli yoxdur, Ermənistanla əməkdaşlıq etməlisiniz” deyənlərin əksinə olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sübut etdi ki, siyasi iradə və əzm birliyi olan cəmiyyətlər üçün kənarda yazılan ssenarilərin heç bir əhəmiyyəti olmur və onlar  gec-tez iflasa uğrayır. Azərbaycan Dövlət başçısının sentyabrın 20-də Xankəndidə Qarabağ Universitetinin açılışında iştirakı, Universitetin müəllim və tələbə heyəti qarşısında çıxışı zamanı verdiyi bəyanatlar bədxahlarımıza ən tutarlı mesajdır. Prezident İlham Əliyev ikili standartlar siyasətinin əsasını qoyanlara hər kəsin anlaya biləcəyi tərzdə bu mesajı verdi: “Mən hər səhər mətbuatla, o cümlədən Azərbaycan haqqında dünyanın müxtəlif yerlərində gedən yazılarla tanış oluram. Bu gün səhər tezdən baxıram, bizə qarşı nə qədər əsassız ittihamlar işlədilir. Özü də müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib. Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?!”

 

Azərbaycan Prezidenti  Xankəndi şəhərinə səfərindən bir gün əvvəl gələcək nəsillər üçün də yol xəritəsini cızan tarixi Sərəncama imza atdı. Həmin Sərəncama əsasən, antiterror əməliyyatının Zəfərlə yekunlaşdığı 20 sentyabr tarixi bundan sonra ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu qərar müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canlarından keçmiş əziz şəhidlərimizin unudulmaz xatirəsinə dərin ehtiramın növbəti ifadəsidir. Prezident Sərəncamı tarixi Zəfərimizi həzm edə bilməyən və antiterror əməliyyatının legitimliyini şübhə altına almağa çalışan məkrli dairələrə əbədi xatırlatma mesajıdır: gücündən və statusundan asılı olmayaraq, heç kim siyasi iradə və əzm birliyi olan xalqlara haqqını unutdura, onlara qalib gələ bilməz! Bu Sərəncam həm də separatçılıqdan əziyyət çəkən bir çoxlarına ümid və inam mesajıdır!

 

Ülvi Quliyev


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...