Dövlət Suverenliyi Gününün əhəmiyyəti nədir? - Millət vəkilindən AÇIQLAMA

Dövlət Suverenliyi Gününün əhəmiyyəti nədir? - Millət vəkilindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Bəs suverenlik nədir və bu gün bizim üçün niyə bu qədər əhəmiyyətlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Azər Badamov bildirib ki, 20 sentyabr Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsidir:

 

“Bu günə nail olmağımız üçün minlərlə şəhid vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. 2020-ci ildə torpaqlarımız işğaldan azad olunsa da, ərazilərimizin suverenliyi tam şəkildə təmin olunmamışdı. Amma 20 sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri uzun illər torpaqlarımızda qara yara kimi ağrı verən erməni separatçılığının kökünün kəsilməsi ilə başa çatdı. Bu baxımdan 20 sentyabr suverenliyimizin bərpası günüdür”. 

 


Millət vəkili qeyd edib ki, sərhədlərin delimitasiyası prosesi uzun illər suverenliyimizə təhlükə mənbəyi olan Ermənistanla sərhəddə sərhədçilərimizin dayanması ilə başa çatacaq:

 

“Dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan dövləti siyasi və iqtisadi suverenliyinə nail olunmuşdu. Məhz bu iki müstəvidə əldə etdiyimiz suverenliyimiz ərazilərimizin suverenliyinin təmini ilə nəticələndi. Xalqımızı gələcəkdə də böyük qələbələr və uğurlar gözləyir. Belə ki, işğaldan azad olunmuş bütün ərazilərə keçmiş məcburi köçkünlər qayıdırlar. Uzun illər əziyyətli həyat yaşamış soydaşlılarımız indi suveren ölkəmizdə öz xoşbəxt həyatlarına davam etdirəcəklər”. 

 

A.Badamovun sözlərinə görə, suverenlik tariximizlə bağlı mövzu təhsil müəssisələrində dərsliklərə salınmalıdır:

 

“Suverenlik tariximiz böyük zəfərlərlə doludur. Gələcək nəsillərimiz keçdiyimiz bu qəhrəmanlıq yolunu bilməlidirlər. Məhz müstəqillik illərimizdə keçdiyimiz keçməkeşli yol ərazilərin suverenliyinin nə qədər dəyərli və əziz olduğunu bizə göstərdi. Bu baxımdan gənc nəsillərimiz şərəfli tariximizi yaxşı öyrənərək vətənpərvərlik ruhunda böyüməlidirlər. Ona görə də məktəblərədə, universitetlərdə suverenliyin əldə olunmasında keçdiyimiz tarixlə bağlı xüsusi dərslər keçilməlidir. Televiziya kanallarında və mətbuatda bu mövzula bağlı verlişlər və yazılar mütəmadi getməlidir. Suverenlik günümüzün dəyərini hər bir vətəndaşımız dərin dərk etməli və yaxşı bilməlidir. Bu, bizim şərəfli tariximizdir. Bu tarixə biz nəyi, necə və nə zaman etmək lazım olduğunu yaxşı bilən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında nail olmuşuq. Suverenliyimizin simvolu Dəmir yumruqdur. Bu baxımdan gənc nəsilimizə Dəmir yumruğun mənasını da mütəmadi aşılamalıyıq”. 

 

“Sonda fürsətdən istifadə edərək xalqımızı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirəm”,- o, vurğulayıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR