Ceyhun Bayramov və Xavier Bettel arasında telefon danışığı OLDU
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.
Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
Tərəflər Azərbaycan və Lüksemburq arasında mövcud münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində bu kimi təmasların əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.
Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.