Fransanın vətəndaşlarına "Azərbaycana səyahət etməyin" çağırışının ƏSAS SƏBƏBİ - ŞƏRH
Ötən günlərdə Fransa XİN vətəndaşlarına Azərbaycana səyahət etməməyi tövsiyə edib. Bununla bağlı Azərbaycan XİN bəyanat verərək, belə bir çağırışın absurd olduğunu bildirib. Eyni zamanda, Fransa Koloniyalarının Azadlıq Cəbhəsindən də məsələyə reaksiya gəlib.
“Hökumətin növbəti addımı, şübhəsiz ki, "Fransa vətəndaşlarına" sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar "insan hüquqları" və "insan və malların sərbəst hərəkəti" ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa Dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır”. Sözügedən bəyanatı isə Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.
Maraqlıdır, rəsmi Parisin “səyahət xəbərdarlığı” nədən irəli gəlir?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Azərbaycanda bir neçə fransız konkret cinayətlərə görə həbs olunsa da, qarşı tərəfin iddia etdiyi kimi, fransızlara qarşı heç bir təqib yoxdur:
“Fransanın bu absurd xəbərdarlığının arxasında hansı məqsədin dayandığı məlumdur: Fransa başa düşür ki, Azərbaycan onun iş üzünü açır, ifşa edir. Bu, rəsmi Parisin dünyadakı nüfuzuna təsir edir. Ona görə Yelisey Sarayı belə yollarla bir növ “əvəz çıxmaq” istəyir. Oxşar cəhdlərin gələcəkdə də davam etməsi mümkündür. Proseslərin hazırkı mərhələyə çatmasının əsas səbəbi məhz Emmanuel Makron hökumətinin Cənubi Qafqaz və Azərbaycanla bağlı qərəzli mövqeyidir. Belə ki, rəsmi Paris İkinci Qarabağ müharibəsi nəticəsində rəsmi Bakının regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Çünki bu reallıqlar üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısını alır. Bu isə Fransaya sərf etmir. Odur ki, Fransa özünün bölgə ilə bağlı maraqlarını təmin etmək məqsədilə Ermənistandan istifadə edir. Ermənistanın sürətlə silahlandırılması, verilən qərəzli bəyanatlar məhz buna hesablanıb. Görünən odur ki, elədiklərinin nəticə vermədiyini anlayan Paris artıq yeni varianta- Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb”.
K.Novruzovun sözlərinə görə, Fransa Koloniyalarının Azadlıq Cəbhəsinin yaydığı bəyanat göstərir ki, Fransa müstəmləkəçiliyindən əziyyət şəkən şəxslər artıq Azərbaycana etibar edirlər:
“Onlar, bəlkə də, neokolonolizmə qarşı mübarizədə rəsmi Bakıya ümid yeri kimi baxırlar. Bu çox ciddi məsələdir. Əlbəttə, Azərbaycan otuz il işğaldan əziyyət çəkən dövlət kimi həmişə haqlının tərəfindədir. Bu mənada Azərbaycanın kolonolizmə qarş mübarizə aparması tamamilə təbiidir. Ehtimal etmək olar ki, Fransanın sözügedən absurd xəbərdarlığının bir məqsədi də sadə fransızların kolonolizmə qarşı mübarizə məqsədilə Bakıda keçiriləcək növbəti tədbirlərdə iştirakçı fəallığına təsir etməkdir. Amma bu addımların Paris üçün müsbət nəticə verəcəyi ağlabatan görünmür”.
Xatırladaq ki, bu ilin iyul ayında Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda Birinci Qurultaylarını keçirdərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.
Günay Rəsulqızı