Növbədənkənar seçki bitdi, bundan sonra nə olacaq?

Növbədənkənar seçki bitdi, bundan sonra nə olacaq?

Xəbər verdiyimiz kimi, 1 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.

 

Bəs parlament seçkisinin bitməsindən sonra prosedurlar necə olacaq?

 

Sfera.az bildirir ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günündən ən geci 20 gün keçənədək protokolları və şikayətləri yoxlayır. 

 

Bundan sonra həmin sənədləri 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır.

 

Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər. Dairə Seçki Komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

 

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Milli Məclisin  payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.  Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.

 

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası işini bitirir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR