Dünya azərbaycanlılarının həmrəyliyi: “Azərbaycançılıq ideyası xüsusilə ön plana çıxdı”

Dünya azərbaycanlılarının həmrəyliyi: “Azərbaycançılıq ideyası xüsusilə ön plana çıxdı”

Dünya azərbaycanlılarının həmrəyliyində azərbaycançılıq ideyası vacib amillərdən biridir. 

 

Sfera.az bildirir ki, xüsusilə bu, 2020-ci ildə, Vətən müharibəsi günlərində özünü biruzə verən faktorlar sırasında yer alıb. Belə ki, məhz həmin zamanlarda dünya azərbaycanlıları həmrəylik göstərərək yumruq kimi dövlət bayrağımız altında birləşib. Bu da azərbaycançılıq ideyasına bağlılığın bariz nümunəsidir. Dünya azərbaycanlılarının həmrəyliyi 44 günlük Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə deyib desək, yanılmarıq.  Həmin zaman azərbaycançılıq ideyası xüsusilə ön plana çıxan amillərdən oldu. Milli birliyimiz, dünya azərbaycanlılarının bir amal uğrunda bütövləşməsi döyüş ruhumuzu, qələbə əzmimizi yüksəltdi, tarixi Qələbəmizi daha da inamlı etdi.

 

Ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini hələ 1991-1993-cü illərdə Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən diqqət mərkəzində saxlayıb. Həmin zaman ümummilli liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilib. Qərara əsasən, 1991-ci ilin son günü - 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunub. Bayramın bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd edilir.

 

Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də öz aktuallığını qoruyur. Bu siyasət Ulu Öndərin siyasi yolunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu sahədə ardıcıl və qətiyyətli addımlar atılır. Bu gün isə qeyd etdiyimiz kimi, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün daha geniş imkanlar açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan dövləti artıq daha nüfuzlu iqtisadi və siyasi gücə çevrilib.  Bütün bu amillər dünyada yaşayan soydaşlarımızda Vətənimizə və xalqımıza mənsubluq hissini daha da gücləndirib,  dünya azərbaycanlılarının birlik və həmrəyliyini daha möhkəm və sarsılmaz edib.

 

Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi Ulu Öndər, o cümlədən onun layiqli davamçısı İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. 

 

Xüsusilə qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalqımız və millətimiz arasında sarsılmaz bağların mövcudluğunun göstəricisidir. Bu birliyin və birlikdə əldə edilmiş gücün sayəsində bu gün azərbaycanlılar dünyanın bütün nöqtələrində başıuca, alnıaçıq gəzirlər. 

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Mövzu: Azərbaycançılıq ideyasının təbliği


Türkan

 


 


OXŞAR XƏBƏRLƏR