"İtirən AŞPA olacaq, çünki Avropanın bölgədəki maraqlarını..." - AÇIQLAMA

Qərbi Azərbaycan İcması (QAİ) Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib. Bu barədə QAİ avqustun 26-da bəyanat yayıb. Bildirilib ki, müəyyən dairələrin sifarişini yerinə yetirən qüvvələr sırf irqi ayrı-seçkilik əsasında AŞPA-da Azərbaycana qarşı genişmiqyaslı kampaniya başladıb və Azərbaycan nümayəndə heyəti Assambleyada öz fəaliyyətini dayandırmaq qərarı verib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, AŞPA son zamanlar Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Onun sözlərinə görə, ayrı- ayrı avropalı siyasətçilər bəzən rəsmi Bakıya qarşı qərəzli fikirlər səsləndirirlər:
“Bunun əsas səbəbi Azərbaycanın yaratdığı yeni reallıqlardır. Görünən odur ki, Avropa, həmçinin AŞPA Azərbaycanın regional və beynəlxalq səviyyəli aktor olması ilə barışa, bunu həzm edə bilmir. AŞPA-nın bu mövqeyi isə Azərbaycanla münasibətlərdə müəyyən gərginliyə səbəb olur. İş burasındadır ki, AŞPA Bakı və İrəvana qarşı eyni münasibəti göstərmir. Təşkilat azərbaycanlıların qayıdış hüququnu tanımadığı halda, ermənilərin qayıdış hüququ barədə ağızdolusu danışır. Hərçənd bunlar əslində eyni səviyyəli məsələ deyil. Belə ki, Zəngəzur, İrəvan, Göyçə azərbaycanlıların tarixi torpaqlarıdır. Ermənilər isə Qarabağa sonradan gəliblər. AŞPA ya tarixi həqiqəti, faktları bilmir, ya da sadəcə riyakarlıq edir”.
K.Novruzov bildirib ki, davam edən qərəzli mövqe perspektivdə AŞPA-Azərbaycan münasibətlərini daha da pisləşdirə bilər:
“Bu zaman itirən isə daha çox AŞPA olacaq. Çünki Avropanın Cənubi Qafqazdakı maraqlarının təmin olunması üçün Azərbaycanla əməkdaşlıq ən yaxşı variantdır. Avropa isə özünü bu imkandan məhrum edir. Əgər AŞPA və digər Avropa təşkilatları Azərbaycanla bağlı siyasətlərinə redaktə etməsələr, bu, perspektivdə daha ciddi problemlərə səbəb ola bilər”.
Günay