Makronun Durova etdiyi təklif AÇIQLANDI - “Telegram”ın baş direktorunun həbsi ilə bağlı DETALLAR

Makronun Durova etdiyi təklif AÇIQLANDI - “Telegram”ın baş direktorunun həbsi ilə bağlı DETALLAR

Pavel Durovun Fransada həbsindən altı il əvvəl prezident Emmanuel Makron onunla görüşüb və “Telegram”ın baş qərargahını Parisə köçürməyi təklif edib.

 

Sfera.az xəbər verir ki, bu barədə iddianı “The Wall Street Journal” öz mənbələrinə istinadən yazıb.

 

Nəşr yazır ki, 2018-ci ildə şam yeməyində Makron Durova “Telegram”ı Parisə köçürməyi təklif edib. Amma Durov bundan imtina edib. Bundan əlavə, Makron hətta ona Fransa vətəndaşlığının verilməsi imkanının olduğunu da bildirib.

 

Makronun təklifinə qədər Fransa dövlətinin kəşfiyyat qurumları Durovu hədəfə alıblarmış. “The Wall Street Journal” iddia edir ki, 2017-ci ildə fransız casusları əməliyyat keçirərək Durovun “iPhone” telefonunun yaddaşına giriş əldə ediblər. Bu cəsus əməliyyatının kod adı “Bənövşəyi Musiqi” idi.

 

Nəşrin qeyd etdiyi kimi, Durovun həbsi böyük rəqəmsal şirkətlərin cəmiyyət üçün yaratdığı təhlükə ilə bağlı Avropada artan narahatlığı əks etdirir. Səlahiyyətlilər qorxur ki, “Telegram”, “X”, “TikTok” və digər platformalar dezinformasiya yayır, antisemitizm və irqçiliyi qızışdırır və platformalarında qanunsuz ticarətə icazə verir.

 

2024-cü ildə Fransada qəbul edilən qanuna əsasən bu cür məzmunun kökünü kəsmək üçün onlayn platformalardan hökumətlə əməkdaşlıq etmək tələb edilir.

 

“The Wall Street Journal” yazır ki, Makronla ilk danışıqların və ya Durovun telefonunun sındırılmasının onun həbsində rol oynadığına dair heç bir əlamət olmasa da, bu detallar Durovun Fransa ilə münasibətlərinə işıq salır. Nəşr xatırladır ki, Fransa 2021-ci ildə Durova vətəndaşlıq da verib.

 

Qeyd edək ki, “Telegram”ın baş direktoru və təsisçisi olan Durov avqustun 24-də Fransada saxlanılıb. O, terrorçuluq, fırıldaqçılıq və narkotik alveri də daxil olmaqla çoxsaylı ittihamlarla ittiham olunur. Eyni zamanda, Fransa mətbuatının məlumatına görə, həbs olunduqdan sonra Durov Fransa hüquq-mühafizə orqanlarının əməkdaşlarına Fransa prezidenti Emmanuel Makronla görüş planlaşdırdığını bildirib. Lakin Yelisey sarayı jurnalistlərə verdiyi şərhdə bunu rəsmən təkzib edib.

 

Fransa prezidenti Emmanuel Makron artıq Durovun saxlanmasına münasibət bildirib. Onun sözlərinə görə, bu, siyasi məsələ deyil və ölkənin məhkəmə sistemi tam müstəqildir.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR