Azərbaycan KTMT-yə üzv olmağa hazırlaşır? - AÇIQLAMA

Son zamanlar Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulacağı barədə iddialar səslənir. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana dövlət səfərindən sonra bu iddialar yenidən gündəmə gəlib.
Rəsmi Bakı KTMT-yə üzv olmağa hazırlaşır?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, inandırıcı deyil:
“Ən azı yaxın gələcək üçün belədir. Azərbaycan 2011-ci ildən etibarən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Bu, başqa bloklara qoşulmamağı nəzərdə tutur. Digər tərəfdən, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə KTMT-nin əsas rəqibi olan NATO-da təmsil olunur. Odur ki, Azərbaycan KTMT-yə üzv olmaz. Çünki bu, rəsmi Bakının Ankara ilə münasibətlərinin pisləşməsi ilə nəticələnə bilər”.
Müsahibimiz bildirib ki, KTMT bu gün dişsiz qurumlardan biridir:
“Hətta üzv dövlətlər də KTMT-dən istədikləri dəstəyi görə bilmirlər. Məsələn, Ermənistan hərbi-siyasi hakimiyyəti xüsusilə son vaxt adı çəkilən təşkilatı açıq-aydın tənqid edir. Bundan başqa, KTMT Ukraynanın Rusiya ərazisinə girməsinə də heç bir reaksiya verməyib. Həmçinin NATO-nun təhdid və hədələrinə də cavab verilmir. Əlbəttə, Rusiya Azərbaycanın KTMT-də olmasını istəyər. Bəlkə də, bunun üçün ən ali səviyyədə müraciətlər, təkliflər də olunub. Ancaq KTMT-yə üzv olmaq heç bir halda rəsmi Bakının milli maraqlarına, xarici siyasət kursuna uyğun deyil”.
Günay