Narendra Modinin Kiyev və Varşavaya səfərində məqsəd nədir? - ŞƏRH

Hindistanın Baş nazir Narendra Modi avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra onun Kiyevə ilk səfəri olacaq.
Maraqlıdır, bundan öncə Moskvaya gedən Baş nazirin Kiyev səfəri nəyə hesablanıb?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Modi Putinlə görüş zamanı ikitərəfli tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirmişdi və onun bu səfəri Ukrayna, o cümlədən Qərb ölkələrində bir sıra suallar yaratdı:
“Modi bu sualları ortadan qaldırmaq üçün Kiyevə səfər etməyə qərar verib. Dehli Rusiya ilə Ukrayna arasında dialoqun tərəfdarıdır. Narendra Modi iki ölkə arasındakı mübahisənin müharibə ilə həll olunmayacağı qənaətindədir. Dehli Pekin kimi Moskva ilə Kiyev arasında dialoqa töhfə verməyə hazır olduğunu bildirib. Məlumdur ki, Kiyev Pekinin vasitəçiliyini qəbul etməyib. Çünki Pekinin planında Rusiya ordusunun Ukrayna ərazisini tərki tələb olunmurdu. Dehlinin münaqişənin həlli ilə bağlı konkret planı olmasa da, tərəflərlə işləməyə hazır olduğunu bəyan edib. Vaşinqton müharibənin dayandırılması üçün Pekinin Moskvaya təsir etməsini istəyərkən, Dehlidən də eyni siyasət aparmasını arzulayır. Ancaq problem ondadır ki, Kreml Ukrayna torpaqlarının işğalının rəsmiləşdirilməsindən başqa həll planı və vasitəçilik qəbul etmir”.
Ekspert qeyd edib ki, Kiyev Hindistanın Ukrayna iqtisadiyyatına yatırım qoymasına da maraq göstərir:
“Narendra Modi Kiyevdən sonra Varşavaya səfər edəcək. Modinin Ukraynadan sonra məhz Polşaya səfər etməsinin səbəbi aydındır. Ukrayna ilə sərhəd olan Polşa müharibədən əziyyət çəkən əsas Avropa ölkəsidir. Polşa Ukraynadan ən çox qaçqın qəbul edən ölkədir, Rusiya raketləri və təyyarələri bəzən onun ərazisindən keçir. Bundan başqa Avropada belə bir rəy formalaşıb ki, Rusiya Ukraynanı işğal edərsə, növbəti hədəf Polşa ola bilər. Bu mənada Narendra Modinin Polşaya səfəri Dehlinin Varşavanın narahatlığına şərik olduğunu anlamını daşıyır”.
Günay