Ukrayna Rusiya ərazisinə hücum etdi, KTMT niyə hərəkətə keçmir? - AÇIQLAMA

Son günlər Ukraynanın Kursk vilayətinə hücumu dünya gündəmindən düşmür. Sual yaradan məsələlərdən biri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. Bildirilir ki, faktiki olaraq Ukrayna Rusiya ərazilərinə hücum edib və belə olan halda, rəsmi Moskvanın da üzv olduğu təşkilat bu addıma cavab verməli idi. Buna baxmayaraq, təşkilatın səssizliyi davam edir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, KTMT nizamnaməsinə əsasən, üzv ölkə hücuma məruz qalarsa, digər üzv ölkələr onu müdafiə etməlidir:
“Lakin KTMT hərəkətə keçmir. Təşkilatın üzvü olan Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan və Qırğızıstan susqunluq nümayiş etdirir. Bununla da KTMT-nin işlək bir qurum olmadığı bir daha ortaya çıxır. Qərb Rusiyaya qarşı koalisiya formalaşdırıb. NATO Ukraynaya dəstək verir. Qərbin ciddi şəkildə bu hücumda Ukraynaya siyasi dəstək verdiyi bəllidir. Demək olar ki, Ukraynanın Rusiya ərazisinə girməsi ilə KTMT-nin amorf qurum olduğu aydın oldu”.
M.Əsədullazadə bildirdi ki, heç bir üzv ölkə Ukrayna savaşından məmnun deyil:
“Məhz buna görə, Rusiyaya hərbi dəstək verilmir. Hətta Vladimir Putinin dostu, Belarus Prezidenti Aleksandr Lukaşenko da yaxasını kənara çəkib. Bir sözlə, Qərb koalisiyası qalib gələcək. Rusiya və Çinin Qərbə qarşı formalaşdırdığı Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi qurumların gələcəyi də sual altındadır. Çünki bu təşkilatlar beynəlxalq hüquqa, o cümlədən özlərinin qəbul etdiyi nizamnaməyə belə hörmət etmirlər”.
Günay Rəsulqızı