"Jurnalistlər ölkənin inkişafı naminə yorulmadan çalışırlar" - AÇIQLAMA

"Jurnalistlər ölkənin inkişafı naminə yorulmadan çalışırlar" - AÇIQLAMA

"Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 149 il ötür. 1875-ci ilin məhz bu günü Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsi çapdan çıxıb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Bu günədək Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçib. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan veriblər. Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib”.

 

Deputat qeyd edib ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir və minlərlə jurnalist hər gün ölkəmizin inkişafı naminə yorulmadan çalışır.

 

“Bugünə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

 

Prezidentimizin mətbuat işçiləri barəsində bildirdiyi fikrə bir daha nəzər salaq: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.””

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR