"Çin böyük yatırımlar etdiyi bu ölkədə hərbi baza qurub" - ŞƏRH

"Çin böyük yatırımlar etdiyi bu ölkədə hərbi baza qurub" - ŞƏRH

“Mərkəzi Asiya ölkələri təhlükəsizliklərini müxtəlif formalarda gücləndirirlər”.

 

Bu barədə Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bu ölkələrin bir qismi Rusiya ilə təhlükəsizlik sahəsində tərəfdaşlıq əlaqələri qursalar da, ABŞ ilə dialoqdan da imtina etməyiblər. 

 

“Tacikistan isə təhlükəsizlik sahəsində Rusiya ilə yanaşı, Çinlə də əməkdaşlığa üstünlük verib. Böyük Britaniyanın “The Telegraph” nəşrində yayımlanan məqalədə peyk görüntülərinə istinadən Çinin Tacikistanda məxfi hərbi baza inşa etdiyi bildirilib. Pekin bu məlumatı dərhal təkzib edib.

 

“Mən sizə tam əminliklə deyə bilərəm ki, Çin müstəqil xarici siyasətə sadiqdir və Mərkəzi Asiyada heç bir hərbi bazası yoxdur” - bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian qeyd edib. Qərb Pekinin təkzibinə inanmayıb. Çünki Çin 2014-2015-ci illərdə Afrikada - Cibutidə hərbi baza tikməsinə dair xəbərləri də təkzib etmişdi, ancaq sonradan hərbi bazanın varlığı təsdiq olundu”.

 

Politoloq qeyd edib ki, bəzi məlumatlara görə, Çinin Tacikistandakı lokal hərbi bazası Əfqanıstanla sərhəd yaxınlığındadır:

 

“Çinin Tacikistana böyük yatırımları var, mədənlərindən faydalı qazıntılar çıxarılır. Çin Tacikistanın ən böyük xarici investoru və əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollardır. Bu maliyyə sıxıntısı yaşayan Tacikistan üçün böyük rəqəmdir. Pekinin Düşənbə ilə əlaqələri Çin lideri Si Cinpinin Tacikistana səfərindən sonra daha da güclənib. Bunların fonunda Çin Tacikistanda təhlükəsizlik tədbirlərini gücləndirməyə qərar verib. Çin Tacikistan üzərindən Əfqanıstanda fəaliyyət göstərən “Şərqi Türküstan İslam Hərəkatı”na qarşı mübarizəni gücləndirəcək. Bu baxımdan Tacikistan-Əfqanıstan sərhədinin qorunması rəsmi Pekin üçün vacibdir”.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR