Ərdoğan Əsədlə bu ölkədə görüşə bilər - Razılıq əldə edilib

Ərdoğan Əsədlə bu ölkədə görüşə bilər - Razılıq əldə edilib

İraqın Xarici işlər naziri Fuad Hüseyn Türkiyə ilə Suriya arasında Bağdadda görüş keçirmək üçün razılıq əldə edildiyini açıqlayıb. İlkin olaraq hər iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulub. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, F.Hüseyn bu haqda Vaşinqtonda jurnalistlərə açıqlamasında danışıb. 


Nazir qeyd edib ki, Türkiyə ilə Suriya arasındakı münasibətlər mürəkkəbdir, lakin iki ölkə arasında hələ də İraq vasitəsilə təmaslar var. “İraqın Bağdadda iki tərəfi bir araya gətirmək təşəbbüsü var. Rəhbərlik səviyyəsində təmaslar yaranıb”, - deyən nazir iki ölkə arasında münasibətlərin normallaşması üçün Rusiyanın da vasitəçilik etdiyini bildirib: “Türkiyəli və suriyalı həmkarlarımla görüşlər zamanı görüşün Bağdadda keçirilməsi ilə bağlı ilkin razılıq əldə edilib. Görüşün tarixi Vaşinqtondan qayıdandan sonra müəyyənləşəcək”. 


İraq baş nazirinin müşaviri Məhəmməd Şia əl-Sudani də Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün danışıqların aparılmasına dəstək verdiklərini bildirib. Əl-Sudani vurğulayıb ki, iki ölkənin münasibətlərinin normallaşması İraqın xeyrinədir. 


Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-də keçirilən NATO zirvəsindən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamada Suriyada Bəşər Əsəd administrasiyası ilə yaxınlaşma ilə bağlı danışıb.Ərdoğan bu məqsədlə xarici işlər naziri Hakan Fidana tapşırıq verdiyini deyib: “Xarici işlər naziri həmkarları ilə görüşəcək və işin bütün yol xəritəsini müəyyən edəcək. Buna uyğun addım atacağıq”. 


Vasif


OXŞAR XƏBƏRLƏR