Zelenski Britaniya və İrlandiyaya səfər edəcək - Bu məsələlər müzakirə olunacaq

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Böyük Britaniya və İrlandiyaya səfər edəcək.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “The Guardian” qəzeti yazıb.
Nəşr yazır ki, Zelenskinin səfərində əsas məqsəd Avropa Siyasi Birliyinin iclasında iştirak etməkdir. İclasda Avropa ölkələrinin liderləri də iştirak edəcək. Məlumata görə, iyulun 18-də Ukraynanın dövlət başçısı Londonda hökumət və dövlət başçıları qarşısında çıxış edərək ümumi vəziyyətlə bağlı məlumat verəcək.
İclasda Ukrayna, Avropanın təhlükəsizliyi və demokratiya məsələləri müzakirə olunacaq.
Avropa Siyasi Birliyi 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra yaradılıb. İyulun 18-dəki iclas sayca dördüncü olacaq.
Ukrayna prezidenti iyulun 20-də səhər İrlandiyaya da səfər edəcək. Bu, Zelenskinin İrlandiyaya ilk səfəri olacaq. O, burada İrlandiyanın Baş naziri Saymon Harrislə görüşəcək.
Xatırladaq ki, iyulun 11-də Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib və Bayden Ukraynaya yeni yardım paketini açıqlayıb.
Vasif